Kallas və Əraqçi İsrail-İran qarşıdurmasını müzakirə ediblər

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ilə İranın xarici işlər naziri Abbas Əraqçi arasında telefon danışığı olub.
"Report" xəbər verir ki, bu barədə Aİ-nin ali nümayəndəsi "X"də yazıb.
O diqqətə çatdırıb ki, regionda gərginliyin daha da artması təhlükəsi yüksəkdir:
"Aİ hər zaman bildirib ki, İrana heç vaxt nüvə silahı əldə etməyə icazə verilməməlidir. Yalnız diplomatiya davamlı həllə gətirə bilər. Aİ bu yolda dəstək verməyə hazırdır".
İran mənbələrinin telefon danışığı ilə bağlı yaydığı məlumatda isə qeyd edilib ki, A.Əraqçi Aİ rəsmisi ilə danışıqda İsrailin İranın suverenliyi və ərazi bütövlüyünü pozmağa cəhd göstərdiyini vurğulayıb.
"İranın xarici işlər naziri Beynəlxalq Atom Enerjisi Agentliyi İdarəçilər Şurasının İranın sülh məqsədli nüvə proqramı ilə bağlı son qətnaməsini tənqid edib. O, üç Avropa ölkəsi və ABŞ-nin təşəbbüsü ilə irəli sürülən bu qətnaməni İsrailin İranın nüvə obyektlərinə qarşı düşmənçilik hərəkətləri üçün bəhanə və zəmin kimi qiymətləndirib",- məlumatda deyilib.
Həmçinin K.Kallasın bu çərçivədə gərginliyin azaldılması, eləcə də bölgədə sülh və təhlükəsizliyin bərpasına kömək üçün diplomatik səylərə dəstək vermək istəyini bəyan etdiyi bildirilib.
"Cebheinfo.az"