Kissincer 100 yaşında vəfat edib

ABŞ-nin sabiq dövlət katibi Henri Kissincer 100 yaşında vəfat edib.
Cebhe.info xəbər verir ki, bu barədə Konsaltinq şirkəti "Kissinger Associates Inc." məlumat yayıb.
Bildirilib ki, siyasətçi yerli vaxtla noyabrın 29-da Konnektikut ştatındakı evində dünyasını dəyişib.
20-ci əsrdə ABŞ xarici siyasətinin ən görkəmli və mübahisəli simalarından biri olan Kissincer “Foreign Policy” tərəfindən aparılan sorğuya görə, son 50 ilin ən təsirli ABŞ dövlət katibi kimi göstərilib.
Lakin onun milli təhlükəsizlik müşaviri və xarici işlər naziri kimi fəaliyyəti liberallar və pasifistlər, eləcə də sağçı siyasətçilər tərəfindən tənqid edilirdi.
Hüquq müdafiəçiləri Kissinceri 1970-ci illərdə ABŞ xüsusi xidmət orqanlarının dəstəyi ilə ordunun hakimiyyətə gəldiyi Argentina və Çili də daxil olmaqla bir sıra Latın Amerikası ölkələrində repressiyalarda iştirakda ittiham ediblər.
O, ABŞ-ın Vyetnam müharibəsində hərbi iştirakına son qoymağa təşviq etdiyinə görə Nobel Sülh Mükafatına layiq görülüb. Onun digər mükafatlarına “Prezident Azadlıq” medalı (1977), “Britaniya imperiyası”nın ordeni (“Cəngavər Komandiri”, 1995), İsrail Prezidentinin “Şərəf” medalı (2012) daxildir.
2009-cu ildə Münhen Təhlükəsizlik Konfransının "Ewald von Kleist" mükafatını alan ilk şəxs olub. O, müxtəlif universitet və akademiyaların fəxri adlarına malikdir.
Nigar Hacılı
Cebhe.info