Mask Trampla yolları tam ayırmır?

İlon Mask Hökumətin Səmərəliliyinin Artırılması Departamentində (DOGE) kurator vəzifəsindən getməsinə baxmayaraq, ABŞ Prezidenti Donald Trampın müşaviri kimi qalacaq və başladığı işlər bundan sonra da davam etdiriləcək.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens bəyan edib. “Medianın “İlonun dövrü başa çatdı” tipli bəyanatları reallığı əks etdirmir. Aydındır ki, onun idarə etməli olduğu şirkətləri var və öz işinə qayıtmalıdır. Lakin DOGE çərçivəsində başlanmış fəaliyyət dayandırılmayacaq.
İlon həm mənim, həm də Prezidentin əsas müşavirlərindən biri olaraq qalacaq”, – deyə Vens “Newsmax” telekanalına müsahibəsində bildirib. Vitse-prezident Maskın gördüyü işləri “möhtəşəm” adlandırıb və vurğulayıb ki, sahibkar qısa müddət ərzində 170 milyard dollardan çox izahsız dövlət xərclərini aşkar edə bilib.
“Hökuməti daha səmərəli etmək, xalqın vəsaitinin əsassız xərclənməsinin qarşısını almaq istiqamətində iş davam etməlidir”, – deyə o əlavə edib. Qeyd edək ki, daha əvvəl “CBS News” telekanalı mənbələrə istinadla xəbər vermişdi ki, Mask administrasiyadan “pozitiv notlarla” ayrılıb və Prezident Trampın yaxın dostu olaraq qalır. ABŞ Prezidenti Donald Tramp isə Maskın vəzifədən ayrılması ilə bağlı yaxın günlərdə birgə mətbuat konfransı keçirəcəyini açıqlayıb.
Səbinə Uğur
"Cebheinfo.az"