Tramp bütün ölkələr üçün 10% tarifi saxlamaq niyyətindədir

ABŞ prezidenti Donald Tramp ticarət danışıqlarının nəticəsindən asılı olmayaraq, bütün ölkələr üçün 10%-lik idxal tariflərini qüvvədə saxlamaq niyyətindədir.
Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt brifinqdə məlumat verib.
“Prezident yalnız Böyük Britaniya üçün deyil, digər ölkələrlə ticarət danışıqları üçün də 10%-lik əsas tarifə sadiqdir”, – deyə Livitt ABŞ-nin digər ölkələrlə ticarət danışıqları başa çatdıqdan sonra da universal 10%-lik idxal tariflərinin qüvvədə qalacağı ilə bağlı sualı cavablandırarkən bildirib.
Onun sözlərinə görə, bu, o deməkdir ki, tariflər mümkün ticarət sazişlərindən sonra da qüvvədə qalacaq.
“Prezident 10%-lik əsas tarifi saxlamaqda qərarlıdır. Mən indicə onunla bu barədə danışdım”, – deyə mətbuat katibi əlavə edib.
Cümə axşamı ABŞ və Böyük Britaniya yeni ticarət sazişi imzalayıb. Bu, ABŞ administrasiyasının apardığı bir sıra ticarət danışıqları çərçivəsində ilk razılaşma olub.
"Cebheinfo.az"