“TikTok” Azərbaycanda bağlansın?- “Ordakı qadınlar azadlıqla özbaşınalığı qarışdırıb”- PSİXOLOQ

“TikTok” Azərbaycanda bağlansın?-  “Ordakı qadınlar azadlıqla özbaşınalığı qarışdırıb”- PSİXOLOQ

Qırğızıstanda “TikTok”un fəaliyyəti dayandırılıb.

Bundan əvvəl Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsi sözügedən sosial şəbəkəni uşaqların sağlamlığına, onların intellektual, əqli, mənəvi və əxlaqi inkişafına zərər vurduğu iddiası ilə xidməti bloklamağı xahiş etmişdi. Ölkəmizdə də “TikTok”un bağlanmalı olduğunu düşünənlər çoxdur. Bir çoxu fikirləşir ki, bu sosial şəbəkə cəmiyyəti pozur, insanların əxlaqına zərbə vurur. Digər bir kəsim isə cəmiyyətin özünün getdikcə dəyişib bayağılaşdığı düşüncəsindədir. 

Psixoloq Gülnar Orucova "Cebhe.info"-ya açıqlamasında bildirib ki, bu gün “TikTok”da hər kəs öz əxlaqını göstərir:

"Bu gün “TikTok”a yaş həddi qoyulsa da, 5 yaşındakı uşaq da ora daxil ola bilir. Bəzən deyirik ki, “TikTok” insanları, cəmiyyəti, uşaqları pozdu. Örnəyi öz ailəmizdən, yaxınlarımızdan, nümunə olacaq insanlardan götürmək lazımdır. Örnəyi “TikTok”da özünü tanımayan, özünə, ailəsinə, övladlarına dəyər verməyən, hörmət etməyən insanlardan götürməli deyilik. Ən pisi nədir? Tiktokerləri elə qarşılayırlar ki, elə bil Azərbaycan üçün böyük iş görüblər. Bu gün “TikTok”da hər kəs öz əxlaqını göstərir. Sənin əxlaqın nədirsə, onu “TikTok” üzərindən açıb ortaya qoyursan. “TikTok”da qadınları görürəm, deyirəm, bu azadlıq deyil. Qadınlar azadlıqla özbaşınalığı qarışdırıb. Bunların etdiyi rəsmən özbaşınalıqdır. Qadın qışqırır, uduzur, elə tərbiyəsiz hərəkət edir ki, insan öz qadınlığından utanır. Təəssüflənirəm". 

Psixoloqun fikrincə, tiktokerlərin son dönəmlərdə cəzalandırılması yaxşı addımdır: 

"Ağıllı insan onları izləmir, onları öz kütləsi izləyir. Əylənmək üçün belə o insanlara baxmağa gərək yoxdur. Yumorları belə düzgün, əxlaqlı deyil. Yalnız ikrah hissi yaradır.

Biz fikir bildirəndə deyirlər ki, baryerləri aşmağı öyrədən psixoloqlar bizə baryer çəkir. Amma “TikTok”la baryer aşılmır, bu rüsvayçılıqdır. Tiktokerlərin son dönəmlərdə cəzalandırılması xoşuma gəldi, digərlərinə də dərs olar. Onlara verilən 1 aylıq cəza da azdır. Onlar elə söhbətlər edirlər ki, cəmiyyət üçün tənqid yox, birbaşa təhqirdir". 

G.Orucova tiktokerlərin də vergi verməli olduğunu söyləyib: "Əgər “TikTok”dan pul qazanırsansa, həddini aşdığın üçün də cərimə şəklində pul ödəməlisən. Məktəbə getməsi lazım olan uşaq atası ilə “TikTok”da oturur. Atası da tutulur, uşaq müraciət edir ki, mənim atamı buraxın, bəs biz nə yeyək? Onda belə çıxır ki, bunlar “Tiktok”dan qazanıb yeyirlər. “TikTok”dan bu qədər pul qazanırlarsa, bunun vergisini niyə ödəmirlər? Vergi ancaq həkim, müəllim üçündür? Vergi tiktokerlər üçün deyil? Bəziləri həqiqətən iyrəncdirlər. Canlı yayım açırlar, saatlarla otururlar, qarşısında yemək yeyirlər. 

Onlara hədiyyə atan insanlar gör nə qədər cahildirlər. Bu gün bir qaziyə kömək etməli olduğumuzu  desək, çox az adam yığışar. Amma görün nə qədər insan onlara hədiyyə atır.

Bu gün Azərbaycanın fəhləsi, həkimi, müəllimi vergi ödəyirsə, “TikTok”dan bu qədər pul qazanan, üstəlik bunu efirlərdə səsləndirən şəxslər niyə vergi ödəməməlidir?"
 
Naibə 
"Cebhe.info"