Avropa böyük daşqına hazırlaşır

Avropa böyük daşqına hazırlaşır

Son günlər Çexiya, Polşa, Avstriya və Almaniya daxil bölgənin bütün su hövzələrində, çaylarda suyun səviyyəsi artır. 

Artq çaylarda gözlənilən daşqın və sel təhlükəsi olan ərazilərdən mülki əhalinin təxliyəsinə başlanılıb.

"Cebheinfo.az" xəbər verir ki, meteorologiya qurumlarının güclü yağış xəbərdarlığı ilə Avropada hazırlıqlar davam edərkən, Çexiya və Polşada həddindən artıq yağış ilk daşqınlara səbəb olub.

Almaniyada qonşu ölkələrdə yağan leysan yağışlar səbəbindən Elba və Şpre çaylarında suyun səviyyəsi qalxıb. 

Drezdendə Elba çayı üzərində inşa edilən və keçən həftə bir hissəsi qəfil çökən Karola körpüsündə suyun səviyyəsi daha da yüksəlməzdən əvvəl dağıntıların təmizlənməsi işlərinin fasiləsiz davam etdiyi açıqlanıb.

Səlahiyyətlilər Almaniyada rekord su səviyyəsinə çərşənbə və cümə axşamı çatacağını təxmin edirlər.

Şərqi Saksoniya əyalətindən başqa, cənubda Bavariyada da güclü yağış gözlənilir.

Avropada bir çox ölkədən eyni vaxtda çaylar keçdiyi üçün sel fəlakətlərinin bir çox ölkəyə mənfi təsir göstərəcəyi təxmin edilir.

Almaniyada daşqınlara səbəb olacağı təxmin edilən Elba çayının suyunun səviyyəsinin qalxmasının Çexiyada Elba və Vltava çaylarının keçdiyi bölgələrdə yağan güclü yağışlarla əlaqədar olduğu açıqlanıb.

Çexiya xəbər agentliyi "CTK", Çexiyadakı 20 çay üçün 3-cü səviyyəli "təhlükə" xəbərdarlığının verildiyini açıqlayıb.

Çex mediası da səhər saatlarında Polşa sərhədindəki Mikulovice kəndində evləri, qarajları və küçələri su basması ilə bağlı görüntülər paylaşıb. 

"CTK", enerji təchizatı şirkətlərinə əsaslanan xəbərində, Çexiyada 60 min ev təsərrüfatının elektrik enerjisinin kəsildiyini açıqlayıb.

Bildirilib ki, Polşanın cənub-qərbində vəziyyət getdikcə ciddiləşir:

“Oppeln bölgəsində Biala Qluxolaska çayı daşıb və Çexiya sərhədindəki Qlukolazı kəndində yaşayan 400 nəfər təxliyə edilib”.

Daxili işlər naziri Tomaş Simonyak "X" platformasındakı paylaşımında bölgədəki xilasetmə işlərinin görüntülərini dərc edib.

Mora çayının daşması ilə əlaqədar Morov kəndində qismən təxliyə aparılır. Polşa Meteorologiya İnstitutu 35 su səviyyəsinin ölçülməsi mərkəzində həyəcan səviyyəsinin həddini keçdiyini açıqlayıb.

Meteorologiya həmçinin, Almaniya üçün güclü yağış xəbərdarlığı edib. Alp dağlarında 1200-2000 metrdən yuxarı rayonlarda da sulu qar yağacağı gözlənilir. Gecə saatlarında qar gözlənilən hündürlük səviyyəsinin 1000 metrə enəcəyi təxmin edilir.

Alman Hava Xidmətləri (DWD) bunun ilin bu vaxtı üçün qeyri-adi bir vəziyyət olduğunu izah edib.

Yayı quraq keçən Avstriyada yaxın günlərdə güclü daşqın və sürüşmələrin yaşanacağı gözlənilir.

Çərşənbə axşamı bəzi rayonlarda hər kvadratmetrə 300 litrdən çox yağıntının düşəcəyi təxmin edilir.

Ölkədə hər 10-15 ildən bir baş verən daşqın ehtimalı səbəbindən Dunay çayının keçdiyi bölgələrdə hazırlıq işləri görülür.

Qeyd olunub ki, bir çox rayonlarda daşqına qarşı çuvallarla hörülmüş sel divarları ilə mübarizə aparılır.

Nigar
"Cebheinfo.az"