BMT-dən Trampın Qəzza planına reaksiya

BMT-dən Trampın Qəzza planına reaksiya

Birləşmiş Millətlər Təşkilatının (BMT) mənzil hüququ üzrə xüsusi məruzəçisi Balakrişnan Rajaqopal ABŞ Prezidenti Donald Trampın Qəzzanı nəzarətə almaq və orada yaşayan fələstinliləri qonşu ölkələrdə, xüsusilə Misir və İordaniyada zorla məskunlaşdırmaq planı ilə bağlı suala yazılı cavab verib.

“Cebheinfo.az” xəbər verir ki, Rajaqopal, Trampın bəyanatının pis niyyətli olduğuna və “müstəmləkə dövrünə qayıtma” əlamətləri göstərdiyinə diqqət çəkib.

Rajaqopal ABŞ və İsrailin Qəzzada etnik təmizləmə aparmaq əvəzinə, mövcud atəşkəs razılaşmasına uyğun olaraq Qəzza xalqına sığınacaq da daxil olmaqla genişmiqyaslı humanitar yardım göstərməli olduğunu vurğulayaraq Fələstinin işğalına son qoyulması və iki dövlətli həll əsasında sülh danışıqlarının başlanmasına çağırıb:

"Fələstinlilərin maraqlarına uyğun olaraq göstərilsə belə, onların qayıtması və ya harada yaşaması ABŞ-yə və ya hər hansı başqa gücə bağlı deyil. Bu, BMT Nizamnaməsinin birinci maddəsinin mahiyyəti olan "öz müqəddəratını təyinetmə hüququ"nun mahiyyətidir. 

Fələstinlilərin beynəlxalq hüquq və əsas etik qaydalar əsasında öz torpaqlarında yaşamaq və onlara qayıtmaq hüququ var. Xeyli sayda fələstinlinin Qəzzanın dağıdılmış ərazilərinə qayıtdığını görürük”. 

Qeyd edək ki, Tramp fevralın 4-də Ağ Evdə qəbul etdiyi İsrailin Baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransında bildirib ki, ABŞ Qəzza zolağını nəzarətə götürəcək, oradakı partlamamış bomba və digər silahların sökülməsinə, dağılmış binalardan qurtulmasına cavabdeh olacaq.

Hazırda Qəzzanın tamamilə dağıdılmış nəhəng bir dağıntı sahəsi olduğunu qeyd edən Tramp, Qəzzadakı fələstinlilərin qonşu ölkələrdə, xüsusilə Misir və İordaniyada tikiləcək yeni qəsəbələrə getmələrinin daha yaxşı olacağını müdafiə edib.

Əfsanə Rəcəb
“Cebheinfo.az”