Daşqınlar 5 nəfərin həyatına son qoydu

Daşqınlar 5 nəfərin həyatına son qoydu

Qazaxıstanda daşqınlar nəticəsində 5 nəfər ölüb, itkin düşmüş 2 nəfərin axtarışları davam edir.

"Cebhe.info" xəbər verir ki, Qazaxıstan daxili işlər nazirinin birinci müavini Marat Kocayev Senatın ümumi iclasından sonra jurnalistlərə açıqlama verib.

Kocayev ölkədə davam edən daşqınlar səbəbilə Atrau bölgəsində 4 nəfərin boğularaq öldüyünü, Türküstan bölgəsində isə bir azyaşlının axıntıya qapılaraq həyatını itirdiyini bildirib.

Abay vilayətində 2 nəfərin axtarışlarının davam etdiyini deyən Kocayev əlavə edib ki, baş vermiş hadisələrlə bağlı artıq cinayət işi açılıb, polis əməkdaşları tərəfindən araşdırma aparılıb.

Hazırda fövqəladə vəziyyət rejimi 38 yaşayış məntəqəsində davam edir.

İndiyədək daşqın zonalarından xilas edilənlərdən 117 min 694 nəfərdən 18 min 651-i evlərinə qayıdıb. Təxliyə edilənlərdən 6 min 887-si müvəqqəti yaşayış mərkəzlərində qalır.

Qeyd edək ki, bundan əlavə, 113 min 852 heyvanı təhlükəsiz ərazilərə təxliyə edilib.

Akmola, Aktobe, Atrau, Kostanay və Şimali Qazaxıstan vilayətlərində 5 min 718 evi isə su basıb.

Ölkədə daşqınlarla mübarizəyə əsgərlər də daxil olmaqla 44 min 156 şəxsi heyət səfərbər edilib.

Nigar Hacılı 
"Cebhe.info"