Həkimlər "Google"-u məhkəməyə verib

Həkimlər "Google"-u məhkəməyə verib

Yaponiyadakı həkimlər və stomatoloqlar "Google"-a qarşı xəritələr tətbiqində "qərəzli şərhlər" dərc etdiyinə görə 1,4 milyon yen təzminat iddiası qaldırıblar. 

"Cebhe.info" xəbər verir ki, Yaponiyada diş həkimləri də daxil olmaqla 63 səhiyyə işçisi “Google Maps”-də yazılan əsassız neqativ şərhlərin onların bizneslərinə mənfi təsir göstərməsi səbəbi ilə bu addımı atıb. 

Tokio Məhkəməsində "Google"-a qarşı qaldırılan iddiada şikayətçi həkim-xəstə məxfiliyinə görə əsassız şərhlərə etiraz etmədiklərini, lakin "Google"-un müvafiq tədbir görmədiyini iddia edib. Paytaxt Tokioda klinika işlədən şikayətçi həkimlərdən biri açıqlamasında "Bir çox səhiyyə müəssisəsinin fəaliyyətinə böhtan, təhqir və real olmayan yazılar mane olub",- deyib. Şikayətçinin vəkili Nakazava Yuiçi öz ifadəsində işçilərin əlverişsiz vəziyyətini nəzərə alaraq  ““Google”-un məsuliyyət daşımaması düzgün deyil",- deyib. İddiada 1,4 milyon yen (9 min dollar) təzminat tələb edilir. 

"Google Maps" tətbiqində istifadəçilər bizneslər, bu bizneslərdən aldıqları xidmətlər haqqında şərhləri sərbəst paylaşa və 1 ilə 5 arasında səsvermə yolu ilə qiymətləndirə bilərlər. Praktikada iş saatları və yerlər də daxil olmaqla digər məlumatlar da açıq şəkildə dərc olunur. Yerli mətbuatda dərc olunan xəbərlərdə "Google"-un dezinformasiya və anlaşılmazlıqları azaltmağa çalışdığı, lakin ayrı-ayrı hallarla bağlı şərh verməkdən imtina etdiyi bildirilib. 

Nigar Hacılı 
"Cebhe.info"