Kubanın ABŞ-dəki səfirliyinə hücum edildi
Kubanın Vaşinqtondakı səfirliyinə naməlum şəxs tərəfindən iki “Molotov kokteyli” atılıb.
Bu barədə Kubanın xarici işlər naziri Bruno Rodriqes Parrilya məlumat verib.
“Bu gecə, sentyabrın 24-də Kubanın ABŞ-dəki səfirliyi terror aktının hədəfinə çevrilib, səfirliyə iki “Molotov kokteyli” atılıb. Diplomatik missiyanın əməkdaşları arasında xəsarət alan yoxdur”, - deyə səfirlik rəhbəri özünün “X” (keçmiş “Twitter”) sosial şəbəkəsindəki səhifəsində yazıb. Nazir hücum edənin saxlanılıb-saxlanılmadığı barədə heç nə deməyib.
Bruno Rodriqes Parrilyanın sözlərinə görə, bu, Kubanın ABŞ-dəki diplomatik missiyasına ilk hücum deyil, hücum edənlərin cəzasız qalması səbəbindən bu qəbildən insidentlər təkrarlanır.
“Bu, 2020-ci ilin aprelindən bəri Vaşinqtonda diplomatik missiyaya ikinci hücumdur. O zaman qərargahda pulemyotdan atəş açılmışdı. Antikuba qrupları terrora əl atırlar, çünki cəzasız qalacaqlarını bilirlər. Halbuki Kuba dəfələrlə bu barədə ABŞ hakimiyyətini xəbərdar edib”, - deyə nazir qeyd edib.
Venesuela Xarici İşlər Nazirliyi Kuba səfirliyinə hücumu pisləyib və hadisəni terror aktı adlandırıb.
“Venesuela adından biz Kubanın suverenliyinə qarşı yeni terror aktını pisləyir və onun xalqı və hakimiyyət orqanları ilə həmrəyliyimizi ifadə edirik”, - deyə xarici işlər naziri İvan Hil özünün “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Cebhe.info