Lavrov: “Əgər İsrail İranın nüvə obyektlərinə hücum edərsə...”
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Laosun paytaxtı Vyentiyanda keçirilən 19-cu Şərqi Asiya Sammitində iştirak edib.
"Cebheinfo.az" xəbər verir ki, o, sammitdən sonra keçirdiyi mətbuat konfransında cari məsələləri dəyərləndirib. Lavrov deyib ki, əgər İsrail İranın nüvə obyektlərinə hücum edərsə, bu, "ciddi təxribat" olacaq. Lavrov sammitdə yekun bəyannamənin qəbul edilmədiyini bildirib:
"ABŞ, Yaponiya, Koreya, Avstraliya və Yeni Zelandiya bu bəyannaməyə siyasi məna verməyə və onu geosiyasi qarşıdurma ssenariləri ilə doldurmağa çalışıb".
O, qərb ölkələrini Cənub-Şərqi Asiya Ölkələri Birliyindən (ASEAN) Rusiya və Çinə qarşı istifadə etməyə, iqtisadiyyat və təhlükəsizlik sahələrində sistemi pozmağa və sarsıtmağa çalışdığını vurğulayıb:
“ABŞ və müttəfiqləri öz mövqelərini dəyişməyə çalışırlar. Asiya Sakit Okean regionunu NATO-nun maraq dairəsinə salır. Burada ABŞ-nin nəzarəti altında çoxlu qapalı hərbi və siyasi birliklər yaradılır. Bütün bunlar birgə səylərə mane olur və bölgəni parçalayır. Qərb ölkələri bölgənin təhlükəsizlik riskini artırır və sabitlik üçün problemlər yaradır”.
Lavrov həmçinin ASEAN-ın sülhü qorumaq və bərabərhüquqlu əməkdaşlığı təmin etmək təşəbbüslərini dəstəklədiklərini bildirib.
Ləman İsmayıl
"Cebheinfo.az"