Güləşçimiz qəsdən uduzub? - Ağlasığmaz iddia
Fransanın paytaxtı Parisdə keçirilən 2024 Olimpiya oyunları davam edir.
Dünən 125 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən güləşçimiz Giorgi Meşvildişvili yarımfinalda məğlub olub. İdmançımız gürcüstanlı rəqibi Geno Petriaşvili ilə bacara bilməyib. Giorgi Meşvildişvili bürünc mükafat uğrunda mübarizəyə çıxacaq.
"Cebheinfo.az" Yenisabah.az-a istinadən xəbər verir ki, təmsilçimizin məğlubiyyəti idmansevərlər tərəfindən birmənalı qarşılanmayıb.
Bəzi sosial şəbəkə istifadəçiləri Meşvildişvilinin gürcü əsilli olmasından dolayı, öz soydaşına bilərəkdən məğlub olduğunu iddia edir. Hətta bir çoxları görüşdən öncə təmsilçimizin məğlub olacağını proqnozlaşdırdığını qeyd edib. Digər tərəfdən insanlar arasında güləş kimi ölkəmizin uğurlu olduğu idman sahəsində legioner idmançıların təmsil etməsini isə sərt tənqid olunur.
Ümumilikdə isə olimpiyadada iştirak edən təmsilçilərimizin çıxışı olduqca uğursuz qiymətləndirilir. İdman azarkeşləri Azərbaycanın əvvəlki olimpiya oyunlarına nisbətən, Parisdə keçirilən turnirdə zəif çıxış etdiyini deyirlər.
Qeyd edək ki, Azərbaycan hazırda medal sıralamasında 24-cüdür. Ölkəmizin aktivində 2 qızıl, 2 gümüş və 1 bürünc mükafat var.
"Cebheinfo.az"