Xəstə yoxdur, yoxsa dərmanlar ucuzlaşıb?

Xəstə yoxdur, yoxsa dərmanlar ucuzlaşıb?

Bu ilin yanvar-fevral aylarında Azərbaycana idxal olunan əczaçılıq məhsullarının dəyəri 79,2 milyon dollar təşkil edib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 46,5 % azdır.

Hesabat dövründə əczaçılıq məhsullarının idxalı ölkənin ümumi idxalının 3,24 %-ni təşkil edib. 

Xatırladaq ki, 2023-cü ilin eyni dövrü ilə müqayisədə Azərbaycan 148,2 milyon dollar dəyərində əczaçılıq məhsulları idxal edib. Ümumilikdə isə cari ildə Azərbaycan əczaçılıq məhsullarının idxalına çəkdiyi xərci 36 % azaldıb.

Əczaçılıq məhsullarının idxalına çəkilən xərcin azalması yerli istehsalın artması, yoxsa dərmanlar ucuzlaşması ilə bağlıdır?

İqtisadçı-ekpsert Razi Abbasbəyli “Cebhe.info”-ya bildirdi ki, Azərbaycanda əczaçılıq məhsullarının istehsalı ilə bağlı 2023-cü ilin statistik göstəricilərinə nəzər salsaq, nəinki artım, əksinə 30 faizə qədər azalma var:

“Burada ən vacib məsələlərdən biri ölkəyə gətirilən dərmanların statistikasının aparılması ilə bağlıdır. Bəzi dərman preparatları var ki, ölkəyə məmulat halında, yəni xammal kimi gətirilir. Sonda Azərbaycanda istehsal olunur və hazır dərman kimi satışa çıxarılır. Ona görə də hazır dərman idxalında azalma var. Eləcə də Azərbaycanın idxal problemləri var. Ukrayna Azərbaycanın əsas dərman idxalçılarından biridir. Hazırda Rusiya-Ukrayna müharibəsilə bağlı logistik problemlər var. Ukraynada bir sıra iri zavodlar fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.

Bəziləri ümumiyyətlə, sıradan çıxıblar. Azərbaycan da Hindistandan idxal etdiyi dərmanlar preparatlarını təxminən 40 faizə qədər artırıb. Alternativ bazarlar mövcuddur. Ancaq Hindistan bazarı logistik xərclər baxımından əlverişli deyil. Bu yollarla bağlı bir sıra yubanmalar var. Hesab edirəm ki, idxalla bağlı statistikanın azalması yerli istehsalın artması demək deyil.

Bildirim ki, bəzi dərmanar xammal şəklində idxal edildiyinə görə, Azərbaycanda qablaşdırılır və hazır məhsul kimi satışa təqdim olunur. Ona görə də idxal edilən dərmanların xammal halının göstəricilərini də açıqlasalar daha yaxı olar ki, o zaman daha aydın mənzərənin şahidi olarıq”. 

Nigar Abdullayeva
“Cebhe.info”