Günəş elektrik stansiyası üzrə ilk hərrac elan edilib

Günəş elektrik stansiyası üzrə ilk hərrac elan edilib

Energetika Nazirliyi Qobustan rayonunda 100 MVt gücündə günəş elektrik stansiyasının layihələndirilməsi, maliyyələşdirilməsi, tikintisi və istismarı üzrə hərrac elan edib. 

Energetika Nazirliyindən “Cebhe.info”-ya verilən məlumata görə, yaşıl enerjidən istifadənin inkişafını prioritetləşdirən dövlət siyasətinə müvafiq olaraq keçirilən hərrac sahəyə özəl, o cümlədən xarici investisiyaların cəlb edilməsi məqsədini daşıyır.

Açıq auksion formasında 2 mərhələdə həyata keçirilən hərrac elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər ən az 30 faizə çatdırılması ilə bağlı strateji hədəfə nail olunması, ölkəmizin COP29-a ev sahibliyi və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində reallaşdırılan tədbirlərdən biridir. Qeyd edək ki, hərracda birinci mərhələ ixtisas uyğunluğunun müəyyənləşdirilməsidir və iştirak etmək istəyən şirkətlər 30 aprel 2024-cü il tarixindən etibarən [email protected] elektron poçt ünvanı vasitəsilə ixtisas uyğunluğunun müəyyənləşdirilməsi sənədini tələb etməlidirlər. Sənəd müraciət etmiş şirkətlərə 7 may 2024-cü il tarixindən başlayaraq təqdim ediləcək. Hərrac iştirakçıları ixtisas uyğunluğunun qiymətləndirilməsi ilə bağlı məlumatları 14 iyun 2024-cü il tarixinə qədər təqdim etməlidirlər. Birinci mərhələ 12 iyul 2024-cü il tarixində yekunlaşır. 

Nigar 
“Cebhe.info”