Ankarada “Şuşa” musiqi qrupunun “Zəfər” konserti keçirilib - FOTOLAR
“Şuşa” musiqi qrupu Türkiyənin paytaxtı Ankarada Necip Fazıl Mərkəzində ilk solo konsert proqramı ilə çıxış edib.
Bu barədə “Report”un Ankara bürosuna qrupun bədii rəhbəri, tar ifaçısı Elçin Hətəmli məlumat verib.
O bildirib ki, proqram Azərbaycanın 8 Noyabr-Zəfər Gününə həsr olunub.
Bədii rəhbərin sözlərinə görə, qrupun adı azərbaycanlı, türkiyəli və cənubi azərbaycanlı gənclərin təşəbbüsü ilə 4 il əvvəl noyabrın 8-də - Azərbaycanın 2024-cü il üzrə mədəniyyət paytaxtı Şuşanın erməni işğalından azad edildiyi gün seçilib.
“Şuşa”nın timsalında Azərbaycan mədəniyyətinin Türkiyədə təbliğ olunacağını deyən E.Hətəmli rəhbərlik etdiyi qrupun səsinin bütün dünyaya yayılacağına inandığını bildirib.
Konsertin aparıcısı, "TRT"nin "Güney Azərbaycan masası"nın rəhbəri Feriba Oğuz deyib ki, Cənubi azərbaycanlı gənclərin fəallıqla çalışmaları qrupa xüsusi ruh yüksəkliyi qatır: “Əminəm ki, “Şuşa” qrupu bütün Türk dünyasının mədəniyyətini özündə əks etdirəcək”.
"Cebheinfo.az"