Avqustda Milli Məclisə seçkilər keçirilə bilər

Avqustda Milli Məclisə seçkilər keçirilə bilər

“Milli Məclisə yeni seçkilər bu ilin yayında, bir qədər də dəqiqləşdirsək, avqustda keçiriləcək”.

“Cebhe.info” xəbər verir ki, bu barədə Musavat.com-a məlumatlı şəxs bildirib.

Mənbə bununla bağlı yerli icra hakimiyyətlərinə müvafiq göstərişlərin verildiyini qeyd edib. Bildirib ki, icra hakimiyyəti başçılarına yaxın 1 ayda, ən gec mayın sonuna kimi məzuniyyətə çıxmaq tövsiyə olunub. Məzuniyyətə çıxmaq istəməyənlərin dekabrdan tez bu hüquqdan yararlana bilməyəcəkləri vurğulanıb.

Məlumatlara əsasən, növbədənkənar parlament seçkiləri ilə əlaqədar digər vəzifəli şəxslərin də məzuniyyət hüququ ilin sonuna kimi ertələnib. O da bildirilir ki, bəzi xəbər agentliklərinin rəhbərləri də işçilərinə avqustda məzuniyyətə buraxılmayacaqları ilə bağlı xəbərdarlıq edib.

Xatırladaq ki, ötən gün Ədalət, Hüquq və Demokraiya Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev Modern.az-a açıqlamasında Azərbaycanda bir neçə aydan sonra parlament seçkilərinin gözlənildiyini bildirmişdi: “Bir neçə aydan sonra parlament seçkiləri olmalıdır. Amma yeni formalaşacaq parlamentin də 5 il fəaliyyət göstərəcəyini düşünmürəm. Çünki ölkədə köklü Konstitusiya islahatları aparılmalıdır. Biz çatdıra bilmədik, amma referendum keçirilməlidir”.

"Cebhe.info"