Sabir Rüstəmxanlı: "Çingiz Aytmatovun xahişini Prezidentə çatdırmaq istəyirəm"

Sabir Rüstəmxanlı: "Çingiz Aytmatovun xahişini Prezidentə çatdırmaq istəyirəm"

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər.

Mərasimdə çıxış edən Prezident İlham Əliyev həmin günü Qırğızıstanla Azərbaycan arasında qardaşlıq münasibətləri tarixində əlamətdar gün adlandırıb:

"Bu gün qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun abidəsi açılır. Əminəm ki, bu, dostluğumuzun, qardaşlığımızın və birliyimizin daha bir rəmzi olacaq. Çingiz Aytmatov dünyaşöhrətli yazıçı, həyatı boyu həm Sovet İttifaqı məkanında, həm də dünya miqyasında öz xalqını layiqincə təmsil etmiş qırğız xalqının böyük oğludur. Azərbaycanda onun yaradıcılığını sevir və fəal vətəndaş mövqeyinə, milli ruhuna və köklərinə sadiqliyinə görə ləyaqətli insan kimi hörmət bəsləyirdilər.

Xatirimdədir, o, vəfatından bir az əvvəl Azərbaycana səfər etmişdi və mən onunla görüşmək, bir çox məsələlərdə uzun söhbət aparmaq imkanı əldə etdim. Həmin gün mən onu ehtiram əlaməti olaraq və münasibətlərimizin möhkəmlənməsi işində xidmətlərinə görə Azərbaycan dövlətinin yüksək mükafatı olan “Dostluq” ordeni ilə təltif etdim. O, hər zaman haqq-ədalətin tərəfində olub. Təsadüfi deyil ki, o, təkcə yazıçı kimi deyil, həm də ictimai xadim kimi keçmiş SSRİ məkanında və dünya miqyasında böyük hörmət qazanmış şəxsiyyət idi və onun xatirəsi, əlbəttə ki, qırğız xalqının, bütün qardaş xalqların qəlbində yaşayır".

Xalq şairi, deputat Sabir Rüstəmxanlı "Cebhe.info"-ya açıqlamasında bildirib ki, İlham Əliyevin Çingiz Aytmatova və onun yaradıcılığına həm siyasətçi, həm də ədəbiyyatçı kimi yanaşması əvəzedilməzdir:

"Çingiz Aytmatovla xatirələrim çoxdur. O, həm qırğız xalqının, həm də bizim yazıçımız idi. Elə bir yazıçı idi ki, onun haqqında danışanda "Qırğızıstan xalqının pasportu" deyə qeyd etmişəm. Çünki o, Qırğızıstanı öz qələmi ilə dünyaya tanıtdı, əsərləri 100-dən çox dilə tərcümə olundu. Bir dəfə Türkiyədə Elazığda Çingiz Aytmatovla bağlı çıxış etmişdim. Çünki həmin zamanlar Çingiz Aytmatov türk dilinə tərcümə olunmamışdı deyə, onun haqqında çıxış edəcək başqa adam demək olar ki, yox idi. Çıxışdan sonra Çingiz Aytmatov mənə yaxınlaşıb dedi ki, heç kim mənim haqqımda sənin kimi danışa bilməzdi".

O qeyd edib ki, Çingiz Aytmatov Ulu Öndər Heydər Əliyevə bir şəxsiyyət kimi dəyər verirdi:

"Yadıma gəlir, bir dəfə Türkiyədə Çingiz Aytmatova həsr edilmiş məclisdə niyə Aytmatovun "Nobel" mükafatı almaması müzakirə olundu. Mən dedim ki, bu mükafat fondu əslində Bakı pullarının əsasında qurulub, Nobel qardaşları pulu bizim neftimiz hesabına qazanıb. Həm də o zamanlar "Nobel" artıq siyasiləşmişdi.

Bir müddət sonra Çingiz Aytmatov mənə "Nobel"ə alternativ bir mükafat yaradılmasını təklif etdi və mükafatın adının da Heydər Əliyevlə bağlı olması istəyini çatdırdı. Məndən xahiş etdi ki, onun bu fikrini Azərbaycan Prezidentinə çatdırım. İş elə gətirdi ki, mən bu təklifi çatdırmamış Heydər Əliyev Ordeni təsis edildi. Lakin bu orden Çingizin könlündən keçən məzmunda deyildi. Mən bəzən məktub yazıb Prezidentə Çingizin bu istəyini, hətta vəsiyyətini çatdırmaq istəmişəm.

Təəssüf ki, bu vaxta kimi müəyyən səbəblərdən alınmayıb. Lakin mənim hələ də fikrim var ki, İlham Əliyevə Çingiz Aytmatovun bu xahişini çatdırım.

Çingizin bu xahişindən sonra günümüzdə İlham Əliyevin Çingiz Aytmatova verdiyi dəyər sevindiricidir".

Ləman İsmayıl
"Cebhe.info"