Almatı görüşündən gözləntilər: Digər iki kənd qaytarılır?

Almatı görüşündən gözləntilər: Digər iki kənd qaytarılır?

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Qazaxıstanın Almatı şəhərində keçiriləcək görüşünün tarixinin açıqlandıqdan sonra müzakirələrin gündəliyinə hansı məsələlərin daxil olacağına dair suallar yaranıb. 

Ermənistan Xarici işlər Nazirliyinin verdiyi məlumata görə, İrəvan Almatıda Bakı ilə iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması məsələsini müzakirə etmək niyyətindədir.

Qeyd edilir ki, iki ölkə arasında öhdəliklərin yazılı təsdiqi, regionda nəqliyyat infrastrukturunun və ticarət yollarının açılması gündəliyə daxil olan məsələlərdir. 

Yəni sözügedən xəbərə istinad etsək, Ceyhun Bayramov və Ararat Mirzoyan görüşündən sonra hər iki ölkə 1991-ci il Alma-Ata Bəyannaməsinə istinadən qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınmasına dair növbəti birgə bəyanatla çıxış edə bilər.

Həmin sənədlə tərəflərin Azərbaycan və Ermənistan liderlərinin 2002-ci il oktyabrın 6-da Praqada və 2023-cü il mayın 22-də Brüsseldə ərazi bütövlüyünün tanınması haqqında imzaladığı  bəyannamələrə sadiq qaldıqlarını bildirməsi mümkündür. 

Ərazi bütövlüyünün tanınması məsələsində həm Azərbaycan, həm də Ermənistan maraqlıdır. Çünki indiyə qədər Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən rəsmən tanınmaması sülh müqaviləsinin mətninin razılaşdırılmasına maneə olaraq qalır. Nikol Paşinyan hakimiyyəti isə Ermənistanın ərazi bütövlüyünün Alma-Ata Bəyannaməsinin imzalandığı 1991-ci ilin dekabr ayına aid xəritələr əsasında tanınmasını istəyir. 

Lakin Ceyhun Bayramov və Ararat Mirzoyan bu məsələ ilə bağlı müsbət niyyət nümayiş etdirsələr belə, hələlik ərazi bütövlüyünün tanınması istiqamətində Ermənistan tərəfdən ciddi maneələr var. Çünki Ermənistanın Konstitusiyasında və qanunvericilik aktlarında Azərbaycana qarşı ərazi iddiları qalmaqdadır. Ona görə də rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünü de-yure tanımaq üçün ilk növbədə, hüquqi islahatlar arparmalıdır.

Eyni zamanda, Azərbaycanın dörd kəndi hələ də işğal altındadır. Bu isə Azərbaycanın ərazi bütövlüyünün pozulması deməkdir. Belə olan halda, sülh sazişindən də danışmaq mümkün deyil. Çox güman ki, nazirlər Almatıda anklav kəndlərin də Azərbaycana qaytarılması və şərti sərhədin digər hissələrində delimitasiya işlərinə başlanılmasının vacibliyini müzakirə edəcək.

Lakin Ermənistan hesab edir ki, anklav kəndlərdən keçən yollara nəzarətlə bağlı hər iki ölkə xüsusi razılıq əldə etməlidir. Rəsmi İrəvan  xüsusilə də Qazax rayonunun Yuxarı Əskipara və Sədərək rayonunun Kərki kəndlərindən keçən yolların guya Azərbaycan tərəfindən bağlanacağını, bununla da Ermənistanın şimalda Gürcüstanla, cənubda isə İranla əlaqəsinin kəsiləcəyinə dair iddialar irəli sürür.

Ancaq Azərbaycan kommunikasiyaların açılmasında maraqlı olduğunu dəfələrlə bəyan edib.
 
Bu səbəbdən, hər iki ölkə yollardan istifadə ilə bağlı xüsusi sənəd imzalaya bilər. 

İkincisi, Qazax-Tavuş sərhəddi istiqamətində sərhəd xəttindən keçən yollarla bağlı 
Azərbaycanla Ermənistan arasında razılaşmanın əldə olunması bu təcrübənin digər kəndlərdə də tətbiqinin mümkün olduğunu təsdiq edir. 

Ermənistan qeyd edilən problemin Yuxarı Əskipara və Kərki kəndinin ərazilərində mövcud olduğunu bildirir. Halbuki, işğal altındakı Barxudarlı və Sofulu kəndlərində belə maneə yoxdur. Əksinə, Ermənistan bu kəndləri işğal altında saxlamaqla həmin ərazidən keçən dəmir yolu xəttinin açılmasını ləngidir.

Halbuki, Birinci Qarabağ müharibəsinə qədər Barxudarlı və Sofulu stansiyalarından keçməklə Bakı-İcevan (Karvansaray) dəmir yolu xətti fəaliyyət göstərib. Ona görə də Almatıda Azərbaycan və Ermənistan növbəti mərhələdə daha iki kəndin qaytarılması barədə razılaşma əldə edə bilər. 

Yəni Barxudarlı və Sofulu kəndlərinin Azərbaycana qaytarılması məsələsinin gündəmə gələcəyi ehtimalı çox böyükdür. Xeyrimli, Aşağı Əskipara, Qızılhacılı və Bağanıs Ayrım kəndləri istiqamətlərində delimitasiya işləri yekunlaşıb. Artıq bu prosesi Sofuluda və Barxudarlıda həyata keçirmək mümkündür. Bu, dəmir yolunun bərpası üçün də şərait yarada bilər. 

Yuxarı Əskipara və Kərki kəndlərinin qaytarılması, eləcə də yollardan istifadəyə dair razılaşmanın əldə olunması isə ehtimal ki, sonuncu mərhələdə həll olunacaq. 

Paşinyan hökuməti Ermənstanın SSRİ dövrünə aid sərhədlər çərçivəsində, yəni 29743 kv.km. ərazi bütövlüyünün tanınmasını təklif edir. Lakin Ermənistan Konstitusiyasına görə, bu ölkə 1918-1920-ci illərdə mövcud olmuş Ararat Respublikasının siyasi varisidir. Yəni müasir Ermənistan dövləti Ermənistan SSR-in siyasi varisi deyil. 1918-1920-ci illərdə qanunsuz olaraq İrəvan mahalında yaradılmış Ermənistan Respublikasının ərazisi isə 9 min kv.km. olub. 

Ona görə də Paşinyan hakimiyyətinin irəli sürdüyü şərtin hər hansı hüquqi əsası yoxdur.

Alma-Ata Bəyannaməsinə gəlincə, həmin sənəddə respublikaların ərazi bütövlüyünə hörmətlə yanaşılması və sərhədlərin dəyişdirlməməsi prinsipi məhz Ermənistan tərəfindən pozulub. 

Alma-Ata Bəyannaməsi Sovet dövründə mövcud olmuş sərhədlərin müstəqil dövlət sərhəddi kimi tanınmasına dair hüquqi öhdəlik yaratmır. Orada sadəcə, “prinsip” ifadəsi öz əksini tapıb ki, bu da tərəflərin qarşılıqlı şəkildə danışıqlar apararaq ərazi bütövlüyünü tanımasını nəzərdə tutur. Yalnız bu danışıqlar başa çatdıqdan və sərhədlər müəyyənləşdikdən sonra ərazi bütövlüyündən danışmaq olar.

Rəsmi İrəvan isə qanunsuz olaraq, sərhəd xəttinin haradan keçdiyi müəyyənləşmədən 29743 kv.km.-i Ermənistan ərazisi kimi tanımağı təklif edir. Ona görə də bu cür şərtlər legitim sayıla bilməz.

Ermənistan Xarici İşlər Naziriliyinin məlumatı göstərir ki, Almatıda Ceyhun Bayramov və Ararat Mirzoyan kommunikasiyaların və nəqliyyat yollarının açılması ətrafında danışıq aparacaq.  Şübhəsiz ki, Azərbaycan tərəfi Zəngəzur dəhlizinin açılması məsələsini daha vacib məsələ kimi irəli sürəcək. 

Bu baxımdan, kommuniksiyaların blokdan açılmasının vacibliyinə dair nazirlərin birgə bəyanatla çısxış ertməsi də mümkün haldır. Ancaq Ararat Mirzoyan çox güman ki, “Sülh kəsişməsi” layihəsinin vacibliyi üzərində dayanmağa çalışacaq. Çünki Ermənistan Zəngəzur dəhlizinin təhlükəsiliyinin təmin edilməsi ilə bağlı Rusiya ilə fikir ayrılığını aradan qaldıra bilməyib.

Rusiya isə bölgədə maraqlarını təmin edən bu razılaşmadan imtina etmək fikrində deyil. Ona görə də tərəflər daha çox işğal altlndakı digər kəndlərin qaytarılması və həmin istiqamətlərdə yolların açılması barədə ümumi mövqeyə gələ bilər. 

Müşfiq Abdulla 
“Cebhe.info”