Bakı və İrəvana ardıcıl zənglər: Yaxud Blinken niyə tələsir?

Bakı və İrəvana ardıcıl zənglər: Yaxud Blinken niyə tələsir?

ABŞ-nin Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Söhbət zamanı Azərbaycan-Ermənistan şərti sərhədində aparılan delimitasiya və demarkasiya prosesi əsas müzakirə predmeti olub. 

Antoni Blinken hər iki ölkənin lideri ilə telefon danışığında Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə olunmuş razılaşmadan məmnunluğunu çatdırıb, bunun ABŞ tərəfindən təqdir edildiyini vurğulayıb. Dövlət katibi ABŞ-nin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyinin irəli aparılması üçün bundan sonra da dəstək göstərməyə hazır olduğunu bildirib.

Öz növbəsində, Prezident İlham Əliyev delimitasiya prosesinin ardınca iki ölkənin sərhədində artıq demarkasiya işlərinin başlanmasının da müsbət bir addım olduğunu vurğulayıb. 

Dövlət başçısı sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi üçün Qazaxıstan tərəfinin təklifinə uyğun olaraq tezliklə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda görüşəcəklərini bildirib. Sülh müqaviləsinin və onun əsasını təşkil edən 5 prinsipin təşəbbüskarının Azərbaycan Respublikası olduğunu xatırladan Prezident İlham Əliyev Azərbaycanın sülh gündəliyinin bundan sonra da davam etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb. Prezident bildirib ki, Azərbaycan regionda hər hansı ayırıcı xətlər olmadan inteqrasiya olunmuş Cənubi Qafqaz regional əməkdaşlıq modelinin qurulmasını dəstəkləyir.

Nikol Paşinyan isə Entoni Blinkenlə telefon söhbəti zamanı  Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası prosesindən müsbət danışıb və vurğulayıb ki, Tavuş vilayətinin Əskipara (Voskepar), Çaykənd (Kirants) və Bibiş (Berkaber) kəndlərinin sakinlərinin narahatlığı başa düşüləndir:

"Onların haqlı narahatlığının həlli üçün hər şey ediləcək". 

Paşinyan və Blinken 2022-ci il oktyabrın 6-da Praqada dördtərəfli görüş zamanı əldə olunmuş razılaşmaların Ermənistan və Azərbaycan arasında sülh prosesi baxımından əhəmiyyətini vurğulayıblar. Qeyd edilib ki, Alma-Ata Bəyannaməsi əsasında Ermənistan və Azərbaycan tərəfindən bir-birinin ərazi bütövlüyü və suverenliyinin tanınması, eləcə də həmin bəyannamə əsasında delimitasiya və demarkasiya prosesinin həyata keçirilməsi iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına yol açır.

Antoni Blinkenin həm Azərbaycan Prezidenti, həm də Ermənistanın Baş naziri ilə telefon danışığının məzmununa diqqət yetirsək, hər üç tərəfin maraqlarını ifadə edən kifayət qədər mühüm siyasi mesajların olduğunu görmək olar. 

Dövlət katibi Blinkenin zəngi ABŞ-nin delimitasiya və demarkasiya prosesinin tezliklə başa çatmasında maraqlı  olduğunu göstərir. Blinkenin açıqlamasında  sərhədlərin müəyyənləşməsinə çağıran tələskənlik elementləri də özünü büruzə verir. Halbuki, delimitasiya və demarkasiya on illərlə davam edən bir prosesdir. Ona görə də Azərbaycanla Ermənistan arasında sərhədlərin yekun razılaşdırılması və qarşılıqlı tanınmasına dair dəqiq proqnoz vermək çətindir. Buna baxmayaraq, ABŞ tərəflərin qısa müddətdə nəticə əldə etməsində maraqlıdır. Çünki ABŞ tezliklə  Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına çalışır. İki ölkə arasında birbaşa müzakirələr nəticəsində delimitasiya və demarkasiya istiqamətində irəliləyişin baş verməsinə ABŞ sülhün əldə olunması üçün “fürsət pəncərəsi” kimi baxır. Ağ Ev ən azı bu ilin sonuna, xüsusilə də Bakıda COP-29 tədbiri keçirilənə qədər Azərbaycanla Ermənistan arasında ən azı çərçivə müqaviləsinin imzalanacağına ümid edir. Blinkenin Prezident İlham Əliyevlə söhbətində ABŞ-nin sülh prosesini irəli aparmasına dəstək verməyə hazır olduğunu deməsi hətta yaxın vaxtlarda Vaşinton plaforması çərçivəsində Azərbaycan və Ermənistan xatici işlər nazirlərinin növbəti görüşünün təşkili üçün təşəbbüs irəli sürəcəyi qənaətini də yaradır. ABŞ-nin bu aktivliyi səbəbsiz deyil və  regionda, əsasən də Ermənistanda baş verən proseslərlə bağlıdır. 

Qazax rayonunun 4 kəndinin dinc yolla Azərbaycana qaytarılmasından və sərhədlərin müəyyənləşməsi istiqamətində real addımların atılmasından sonra Ermənistanda baş verən etiraz aksiyaları fonunda siyasi vəziyyətin gərginləşməsi  müşahidə olunur. Aksiyaların lokal və pərakəndə olmasına baxmayaraq, davamlı hal alması onun artan xətt üzrə getməsinə səbəb ola bilər. Siyasi proseslərə hər hansı təsiri olmayan Ermənistan müxalifəti və kilsə Qazax-Tavuş sərhədində baş verən hadisələrə yenidən demarş götürmək imkanı kimi baxır. Etirazlara Qiqoryan kilsəsi, revanşist müxalifət və hərbçilərin cəlb olunması Nikol Paşinyanı hakimiyyətdən devirmək məqsədi daşıyır. Nikol Paşinyan başda olmaqla Qərbyönümlü qüvvələrin hakimiyyətdən getməsində əsas maraqlı tərəfin Rusiya olduğunu nəzərə alsaq, aksiyaların Moskvadan idarə edildiyi şübhə doğurmur. Çünki revanşist müxalifətin üzvləri Ermənistanda Rusiyaya bağlı “5-ci kolon”un təmsilçiləridir. 

Onların bir qismi keçmiş hakimiyyətin, yəni "Qarabağ klanı"nın nümayəndələridir. Paşinyana qarşı çıxan hərbçilər isə Rusiya Müdafiə Nazirliyinin Baş Hərbi Kəşfiyyat İdarəsi və Federal Təhlükəsizlik Xidməti ilə gizli əlaqəsi olan zabitlərdir. Eçmiədzin kilsəsi də öz növbəsində Rusiya provaslav kiləsinin tabeliyindədir. Məlum olduğu kimi, Rusiya hakimiyyəti həmişə provaslav kilsəsinin xidmətindən başqa ölkələrdə özünün imperialist maraqlarını təmin etmək vasitəsi kimi istifadə edib. Bütün bunlar isə Paşinyanın hakimiyyətdə qalmasına çalışan ABŞ-ni narahat edir. Blinkenin Azərbaycan və Ermənistan liderlərinə zəng edərək delimitasiya və demarkasiya prosesindəki razılaşmaları alqışlaması ABŞ-nin mövcud aksiyalara qarşı olduğundan xəbər verir. 

Çünki gərginliyin artması hadisələrin Rusiyanın xeyrinə cərəyan etməsi və Paşinyan hakimiyyəti üçün risqlərin artması deməkdir. Ona görə də Vaşinqton sərhədlərin müəyyənləşməsi üzərindən başlanmış anlaşmanın tezliklə sülhə çevrilməsini istəyir. Çünki çərçivə sazişinin imzalanması artıq sülh müqaviləsinin mətninə dair hüquqi öhdəlikləri təmin etmiş olar. Bu halda bölgədə qarşıdurma təhlükəsinin aradan qalxması Rusiyanın Paşinyan hakimiyyətinə təzyiq alətlərini azalda bilər. Məhz bu səbəbdən ABŞ və Avropa İttifaqı aprelin 5-də Brüsseldə Nikol Paşinyanla üçtərəfli formatda keçirlən danışıqlarda Ermənistanın təhlükəsizliyi üçün ən yaxşı təminatın sülh müqaviləsi olduğunu bildiriblər. 

Lakin bu posesin ABŞ-nin arzularına  və ya maraqlarına uyğun şəkildə reallaşacağını söyləmək çətindir. Çünki hələlik həm Azərbaycan, həm də Ermənistan sülh sazişində öz şərtlərinin əsas götürülməsini  vacib hesab edir. Prezident İlham Əliyevin ABŞ-nin Dövlət katibi ilə söhbətinin məzmunu da göstərir ki, rəsmi Bakı sülh müqaviləsinin Azərbaycanın təqdim etdiyi 5 baza prinsipinə əsaslanmasını daha məqbul hesab edir. Bu baxımdan, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Astanada keçiriləcək görüşü sülh müqaviləsinin mətnində yeni detalların razılaşdılması üçün əlverişli fürsət yarada bilər.

Delimitasiya və demarkasiya isə çərçivə müqaviləsi və ya sülh sazişinin imzalanmasından sonra da həyata keçirilməsi mümkün  prosesdir. Yəni sərhədlərin müəyyənləşməsi texniki məsələdir və onun reallaşması sonrakı mərhələdə hökumətlərarası səviyyədə aparılacaq danışılardan asılıdır. Bu da illərlə davam edə biləcəyindən  sülh sazişini ləngitmək olmaz. Ona görə də ABŞ sülh sazişinin, ən azı çərçivə müqaviləsinin ön plana çəkilməsinin tərəfdarıdır. 

Ancaq Ermənistan öncə Alma-Ata Bəyannaməsi əsasında  qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınması və sərhədlərin delimitasiyanın aparılmasında israr edir. Halbuki, bu bəyannaməyə görə, ərazi bütövlüyü prinsipi tərəflər arasında aparılacaq danışıqların nəticəsində müəyyənləşməlidir. Yəni ilk növbədə sərhədlər tanınmalı, bundan sonra ərazi bütövlüyünün tanınmasına dair razılaşma əldə olunmalıdır. Ona görə də Ermənistanın mövqeyindəki ziddiyyət yalnız sülhə mane olur. 

Müşfiq Abdulla    
“Cebhe.info”