Hökumətin məktəblərlə bağlı iki qərarı bir-birini “tutmur”: Nəticə də ortada

Hökumətin məktəblərlə bağlı iki qərarı bir-birini “tutmur”: Nəticə də ortada

Son günlər aktual mövzulardan biri də məktəblərdə fəaliyyət göstərməli olan laboratoriyalar və laborantların işidir.

Bir sıra məktəblərdə laboratoriyalarını həqiqətən də işlək vəziyyətdə olmadığı deyilir. Ancaq buna baxmayaraq, orta ümumtəhsil məktəblərində laborant vəzifəsində çalışmaq istəyənlər üçün imtahanlar da keçirilir. 

Niyə bu gün məktəblərdə laboratoriyalar fəaliyyət göstərmir və əgər belədirsə, onlar laborant vəzifəsinə işə qəbul olunanlar məktəbdə hansı sahədə çalışırlar? 

Təhsil üzrə ekspert Elşən Qafarov “Cebhe.info”-ya bildirib ki, orta ümumtəhsil məktəblərində fizika, kimya, biologiya və İKT üzrə 4 laborant olur:

“Məktəbdə informatika kabineti varsa, orada İKT laborantı olur. Onun vəzifəsi informatika dərslərində avadanlığı dərsə hazırlamaq, dərsdən sonra onları söndürməkdir. Fizika, kimya, biologiya fənn kabinet laborantlarının işi isə praktiki dərslərdə müəllimə laboratoriya avadanlıqlarını qurmaq, reaksiyaları aparmaq, cihazlarla bağlı əyani  vəsaitləri göstərməkdir. Hər tədris ilində kimya, biologiya, fizika fənlərində 8 saat praktiki dərs var. 

Həmin praktiki dərslərdə müəllimə laborant kömək etməlidir. 2008-ci ildən məktəblərdə İKT laborantı vəzifəsi də var, amma bu vəzifə ştat vahidləri haqqında 59 №-li Qərarda göstərilməyib”. 

Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri"nin ümumi təhsil müəssələrinin binalarına verilən tələblərdə göstərilir ki, tutumu 108-300 şagird yerə qədər ümumi təhsil müəssisələrində 1 kimya və 1 fizika laboratoriya otağı, 300-dən 640 şagird yerə qədər ümumi təhsil müəssisələrində 1 kimya, 1 fizika və 1 biologiya laboratoriya otaqları nəzərdə tutulmalıdır:

“Laboratoriya otağının sahəsi sinifdəki şagirdlərin sayından asılı olaraq 36-60 m2 olmaqla nəzərdə tutulmalıdır. Şagird yerlərinin sayı 640-dan artıq olan ümumi təhsil müəssisələrində hər birinin sahəsi 60 m2-dən çox olmamaqla, 2 kimya, 2 fizika və 2 biologiya laboratoriya otaqları nəzərdə tutulur. Görünən odur ki, NK-nın 59 №-li Qərarının tələbləri ilə 171 №-li Qərarının tələbləri ilə uzlaşmır. Laboratoriyalar işlək vəziyyətdə deyil. Çünki laborantlar hamısı məktəb direktorunun sənədləşmə işinə kömək edirlər. Kimya otağında laborant qoyurlar, elementin adını bilmir”. 

Nigar Abdullayeva 
“Cebhe.info”