Həmin gündən bir il keçdi: Azərbaycan üçün nələr dəyişdi?

Həmin gündən bir il keçdi: Azərbaycan üçün nələr dəyişdi?

Bu gün “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür.

Xatırladaq ki, 2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.

Yeni yaradılan sərhəd-buraxılış məntəqəsində Azərbaycanın üçrəngli bayrağının ucaldılması mərasimi baş tutub və sərhəd-buraxılış məntəqəsindən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məruzə edilib.

Bildirək ki, “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması tarixi əhəmiyyətə malik hadisə idi. Məhz bunun ardından əli azərbaycanlıların qanına batan separtçıların həbsi başladı.

Belə ki, Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif “Laçın” sərhəd-buraxılış məntəqəsinin keçidində saxlanıldı.

Üstəlik, proseslərin uğurlu və məntiqi nəticəsi olaraq ötən ilin 19-20 sentyabr tarixində bir günlük antiterror tədbirləri həyata keçirildi.

Bunun ardınca Qarabağda qondarma separatçı rejimin “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan kimi separatçılar da həbs olundu.

Nəticə etibarilə, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tamamilə bərpa etdi. Beləliklə, tarixdə ilk dəfə olaraq Azərbaycanın üçrəngli bayrağı bütün ərazilərimizdə dalğalanmağa başladı.

Mövzunu “Cebhe.info”-ya şərh edən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycan üçün müstəsna əhəmiyyətə malik fəaliyyət idi:

““Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması ilə Azərbaycanın sərhəd təhlükəsizliyi və ərazi bütövlüyü tamamilə təmin olundu. Məhz “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulmasından sonra Azərbaycan ərazilərinin erməni silahlılarından tamamilə təmizlənməsinə nail olundu.

Məhz Azərbaycanın müstəqilliyinin və suverenliyinin bərpa olunmasında “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması çox vacib, eləcə də vaxtında atılmış bir addım idi. Bundan sonra Azərbaycanın üçrəngli bayrağının Xankəndidə, Xocalıda, Xocavənddə, Əsgərəndə, Ağdərədə dalğalanması mümkün oldu”.

Elmir Mustafa
“Cebhe.info”