Paşinyanı qoruyan “gizli güc”: “Rusiya uzun müddətdir ki...”

Paşinyanı qoruyan “gizli güc”: “Rusiya uzun müddətdir ki...”

“Rusiya uzun müddətdir ki, Ermənistanın Baş naziri Nikol Paşinyana təzyiq göstərir”.

Bu sözləri Azərbaycan Ümid Partiyasının sədr müavini Elman Abbasov “Cebhe.info”-ya açıqlamasında deyib.

O bildirib ki, Paşinyanın Qərb ölkələri ilə yaxınlaşması Kremlin qəzəbinə səbəb olur:

“Paşinyan ölkəsini Rusiyanın forpostluğundan çıxarmaq istəyir. O, Ermənistanın bundan sonra iqtisadi və siyasi cəhətdən yalnız bir ölkədən asılı olmasını da istəmədiyini deyib. Ona görə də rəsmi İrəvan başqa dövlətlərlə münasibətlər qurmağa çalışır. Nəzərə almaq lazımdır ki, Rusiya bu gün Cənubi Qafqaz ölkələrindən yalnız Ermənistanda hökmranlıq edir. Üstəlik, rəsmi Moskva bu ölkə vasitəsilə Cənubi Qafqazda qalmağı hədəfləyir”.

Ekspert qeyd edib ki, hazırda Paşinyanın kifayət qədər tərəfdarı var:

“Kreml revanşistlərə dəstək verərək Paşinyanı hakimiyyətdən göndərməyə çalışır. Lakin Paşinyanın ölkəsindəki nüfuzu və dəstəkçisi kifayət qədər çoxdur. Hətta ona Avropadan da böyük dəstək var. Üstəlik, Paşinyanı Rusiyadan ABŞ hərbçiləri qoruyur. Yəni belə bir şəraitdə Rusiyanın Ermənistanın Baş nazirinə hər hansısa sui-qəsd etmə ehtimalları aşağıdır. Moskva hakimiyyəti illərdir ki, Paşinyanı devirmək niyyətindədir. 

Həmçinin, Paşinyana qarşı etiraz aksiyaları da keçirilir. Amma genişmiqyaslı etirazlara imkan veriləcəyini zənn etmirəm. Düşünürəm ki, Rusiya hansısa formada Paşinyanı hakimiyyətdən göndərə bilməyəcək. Eyni zamanda, Avropa da çevrilişə imkan verməz”.

Elman Abbasov hesab edir ki, yaxın zamanda Rusiya və Ermənistan arasındakı gərginlik səngiyə bilər:

“Fikrimcə, yaxın perspektivdə tərəflər arasındakı münasibətlərdə müəyyən qədər yumşalmalar olacaq. Hətta Avropanın Rusiya ilə münasibətlərini düzəltmək üçün da buna şərait yaradacağını güman edirəm”.

Elmir Mustafa
“Cebhe.info”