Razi Nurullayev: “Ultimatumla məndən tələb edirlər ki… ”

Razi Nurullayev: “Ultimatumla məndən tələb edirlər ki… ”

““Tütün və tütün məmulatı haqqında” Qanuna edilən dəyişiklik məni çox təəccübləndirdi.

Müsbət mənada. Ümid edirəm ki, bu dəyişiklik kağız üzərində qalmayacaq. Narahatlığım ona görədir ki, tütünlə bağlı Milli Məclisin qəbul etdiyi qərarların tam icrası təmin edilmir. Məsələn, tütünün bağlı və açıq yerlərdə istifadəsi ilə bağlı qaydalar var, lazımi dəyişikliklər edilib, amma yenə də bağlı məkanlarda tüstüdən boğuluruq. Papiros çəkənlərin hüququna hörmətlə yanaşıram və papiros çəkib-çəkməmək fərdin hüquq azadlığıdır. Amma təyin edilməyən yerlərdə çəkmək, məsələn, şadlıq evlərində yemək masaları arxasında papiros çəkmək nə deməkdir?” 

“Cebhe.info” xəbər verir ki, bunu parlamentin iclasında Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib. Deputat qeyd edib ki, tütün və alkoqollu içkilər rəqabətin çox güclü olduğu sahə olduğundan çox zaman qanun da o sahədə lazım olduğu qədər nizam-intizam və bərabərlik yaradıla bilmir:

“Sevinirəm ki, bu dəyişikliyin əgər həyata keçirilməsinə nəzarət olunarsa, kənd təsərrüfatında məşğulluğun artmasında rol oynayacaq. Çox istərdim ki, bu sahədə daha ciddi nəzarət mexanizmi olsun. Olacağmı? 

Tütünlə bağlı daha bir məsələ. Tütün fabrikləri, müəssisələri özəlləşdirilən zaman orada işləyən kollektiv də müəyyən paya malik olub. Yalnız bu deyil, müxtəlif sahələrə malik müəssisələr də özəlləşdirilən zaman kollektivlər səhmdarlara çevrilib. Amma onların demək olar ki, böyük hissəsi dividend ala bilməyib. Vətəndaşlara qarşı ədalətsizlik olub və var. Səhmdarlar müxtəlif yollarla vətəndaşları qanuni haqlarından məhrum etməyə çalışıblar. Onların bu günə qədər müraciət etdikləri ən yüksək dövlət qurumları belə onilliklər ərzində onlara kömək etməyib, onlar da şikayətlərini davam etdirib və bu gün də edirlər. “Baku European Tobacco” şirkətinin səhmdarları mənim də qəbulumda olublar. Ultimatumla məndən tələb edirlər ki, məsələni həll edim. 

Dedim ki, heç olmazsa, yenidən rəsmi müraciət edin, aidiyyəi üzrə göndərim. Əvvəllər müraciət etmişdilər. Deyirlər ki, nə qədər məktub yazmaq olar? Nə qədər aidiyyəti üzrə göndərmək olar? Başa düşürəm. Onlara dedim ki, 20 ildir ki, döymədiyiniz qapı qalmayıb, indi Milli Məclisin sıravi deputatından ən yüksək çinli səlahiyyətli məmurların həll edə bilmədiyini tələb edirsiniz?” 

R.Nurullayev əlavə edib ki, bu sahədə ciddi hüquq pozuntuları var, vətəndaşlara məxsus səhmlərin mənimsənilməsi və müxtəlif vasitələrlə onların süründürülməsi baş verir: 

“Bu məsələyə nöqtə qoyulmalıdır. Hüquq pozuntuları ilə insanları affekt vəziyyətinə salmaq olmaz. Onlar mənim köməkçimə zəng edib onu ağır sözlərlə təhqir də ediblər. 

Hətta xanım sədrə köməkçimdən şikayət də ünvanlayıblar. Mənim tütünə və tütün biznesinə nə aidiyyətim var? Arada mən hücum və təzyiqlərə məruz qalıram. Amma mən yenə də deyirəm ki, o vətəndaşları günahlandırmıram. Onlar 20 il ərzində çarəsiz vəziyyətə düşməklə bərabər, həm də psixoloji travma alıblar”. 

Vilayət Muxtar 
“Cebhe.info”