Rusiya ilə iqtisadi əlaqələr genişlənir: “İnsanların gələcək rifahı...”

Rusiya ilə iqtisadi əlaqələr genişlənir: “İnsanların gələcək rifahı...”

Moskvaya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşündə bir sıra məslələrə toxunulub.

Rusiya Federasiyası ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir və inkişaf etdiyini deyən Rusiya Prezidenti Vladimir Putin bildirib ki, əmtəə dövriyyəmiz artır:

“O, artıq 4 milyard dollardan da çoxdur. Dollar ekvivalentində desək, Azərbaycan iqtisadiyyatına yatırılan Rusiya investisiyası 6 milyarddır. Hökumətlərarası komissiya fəal işləyir. İqtisadiyyatın real sektorunda, kooperasiyada, infrastrukturda əməkdaşlığın bir çox maraqlı istiqamətləri var, zənnimcə, onların bir neçəsi ölkələrimizin ictimaiyyətinə məlumdur”.

Azərbaycan Pezidenti İlham Əliyev bildirib ki, ölkələrimizi və tərəfdaşlarımızı birləşdirən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi yük daşımalarının təhlükəsizliyi baxımından və bir çox ölkələr arasında ticari münasibətləri stimullaşdırmaq üçün qlobal əhəmiyyətə malikdir.

İki ölkə arasında münasibətlərlə bağlı millət vəkili Tahir Rzayev “Cebhe.info”-ya bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfəri və Rusiya Prezidenti Vladimir Putunlə mehriban şəraitdə keçən görüşlü iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsində, əlaqələrin genişlənməsində mühüm bir mərhələdir:

“Belə bir bir dövrdə Rusiya ilə münasibətlərin yaxşılaşdırılması, əlaqələrin möhkəmləndirilməsi Azərbaycanın gələcək uğurları üçün çox vacibdir. Bu, hər iki ölkə arasında bağlanmış müqavilələrə əsaslanır və demək olar ki, Azərbaycan dövlətinin öz vəzifələrinə sadiqliyinin bir nümunəsi kimi qiymətləndirilməlidir. 

Səmimi keçən görüşdə Baykal-Amur Magistralının çəkilməsinin 50 illiyinin qeyd edilməsi və Ulu Öndər Heydər Əliyevin xidmətlərinin çox yüksək qiymətləndirilməsi Rusiya-Azərbaycan münasibətlərinə yeni bir məna verir.

Çünki Rusiya ilə Azərbaycan daimi əlaqələrdə, sağlam münasibətlərdə olub. Təəssüflər olsun ki, keçmiş rəhbərlər, Qorbaçov və Yeltsin bu münasibətlərə müəyyən mənada kölgə salımışdı. Lakin sonrakı dövrlərdə Ulu Öndərimizin, eləcə də cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə münasibətlərə yenidən aydınlıq gətirilib, əlaqələrin möhkəmləndiirlməsinə böyük önəm verilib. 

Görüşdə Rusiya Prezidenti Azərbaycanla münasibətlərin yaxşılaşdırılmasını hər iki xalqın mənafeyi baxımından əhəmiyyətli hesab edib və bu münasibətlərin gələcəkdə də uğurla davam etdirilməsinə əmin olduğunu bildirib.

Rusiya dünyada böyük dövlətlərdən biridir və sovet dövründə qarşılıqlı əlaqələrimiz daim möhkəm olub. Bu gün milyonlarla azərbaycanlının Rusiyada yaşaması, işləməsi, ictimai-siyasi həyatında fəal iştirakını nəzərə alsaq, bu münasibətlərin yaxşılaşması Azərbaycanın gələcək inkişafı üçün çox faydalıdır.

Sevindirici haldır ki, istər 44 günlük müharibədə, istərsə də antiterror əməliyyatlarında Rusiya neytral qalmışdı. Moskva bilavasitə Azərbaycanın haqlı mövqeyini, ərazi bütövlüyü uğrunda mübarizəsini dəstəkləmişdir”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan dövlət başçısının Rusiyaya səfəri və bu səfərin yüksək işgüzarlıq şəraitində keçməsi xalqımız tərəfindən də yüksək qiymətləndirilir:

“Çünki qarşılıqlı əlaqələr böyük bir dövlətlə münasibətlərin qurulması, iqtisadi, siyasi, mədəni əlaqələrin genişləndirilməsi sözsüz ki, ölkəmizin gələcək inkişafına hesablanıb. Azərbaycan Prezidentinin bu sahədə həyata keçirdiyi siyasəti uğurlu hesab edirik və bu, Rusiya və Azərbaycan dövlətinin birgə fəaliyyəti və əməkdaşlığı gələcəkdə yeni uğurlarımızın qazanılmasına bir zəmin olacaq. 

Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin genişləndirilməsi gələcək inkişaf üçün bir zəmindir. Əmtəə dövriyyəsinin 4 milyard dollara çatması göstərir ki, inkişaf yüksələn xətt üzrə gedir. Bu da yeni sahələrin meydana gəlməsinə şərait yaradacaq. Xüsusən də kənd təsərrüfatı, aqrar sahədə əlaqələrin genişləndirilməsində böyük potensial var. 

Azərbaycandan Rusiyaya ixrac olunan kənd təsərrüfatı məhsullarının həcmi ildən-ilə artır. Bu da yaxşı haldır. Digər sahələrdə də ticarət əlaqələri möhkəmlənir. Bu əlaqələrin yaxşılaşdırılması həm insanların gələcək rifahı, həm də hər iki ölkə vətəndaşları ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulması baxımından önəmlidir”.

Nigar Abdullayeva
“Cebhe.info”