Bu ölkəni qasırğa vurub

Bu ölkəni qasırğa vurub

Qamane qasırğası Hind okeanındakı Madaqaskar ada ölkəsini vurub. 

"Cebhe.info" xəbər verir ki, Madaqaskarın şimalında çərşənbə günündən bəri 7 bölgədə təsirli olan qasırğa 14 nəfərin həyatına son qoyub.

Səlahiyyətlilər 6 nəfərin boğulduğunu, 5 nəfərin isə uçan evlərin altına düşərək öldüyünü açıqlayıb.

Ümumilikdə 36 min 307 nəfərin zərər çəkdiyi qasırğa səbəbindən evlərə və yollara ziyan dəyib, güclü yağışdan sonra yollar su altında qalıb. 

Təxminən 18 min 565 nəfərin təxliyə edildiyi açıqlanarkən, fırtınanın vurduğu bölgələrdə kəndlərin mərkəzlə əlaqəsinin kəsildiyi qeyd edilib. Bölgədə küləyin sürətinin saatda 150 kilometrə çatdığı bildirilib.

Xatırladaq ki, keçən il də Madaqaskarda Freddi qasırğası baş vermişdi. Mozambik və Malavini də vuran Freddi qasırğası nəticəsində 1434 nəfər ölmüşdü. 

Nigar Hacılı 
"Cebhe.info"