Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR

Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR

Ermənistan hakimiyyəti Azərbaycanla sərhəddin delimitasiyası və demarkasiyası prosesi ilə əlaqədar Gədəbəy rayonunun Başkənd kəndinə yenidən iddia qaldırıb.

Baş nazir Nikol Paşinyan sərhədlərin Alma-Ata Bəyannaməsi əsasında müəyyənləşməsi çərçivəsində Başkənd məsələsinin də müzakirə mövzusu olduğunu deyib.

Rəsmi İrəvan Azərbaycanın işğal altındakı səkkiz kəndinin qaytarılması müqabilində Başkəndin Ermənistana verilməsini təklif edir. 

Yəni Nikol Paşinyan hökuməti hesab edir ki, sərhədlər 1991-ci il Alma-Ata Bəyannaməsinin imzalandığı dövrə aid xəritələr əsasında delimitasiya və demarkasiya olunsa, o halda SSRi dövründə Ermənistan SSR-in inzibati-ərazi vahidinə daxil olmuş Başkənd kəndini yenidən geri qaytara bilər.

Hətta Paşinyan aprelin 17-də Əskipara kəndinə yaşayan ermənilərlə görüşündə Ermənistanın xəritəsinin maketini nümayiş etdirərək sakinləri ölkəsinin mövcudluğunun vacibliyinə inandırmağa çalışıb. Bu zaman görüş iştirakçılarından biri ondan Başkəndin taleyinin necə olacağını soruşub.

Cavabında Paşinyan torbadan nöqtədən bir az böyük maket hissəciyi çıxararaq, Başkəndin də bura daxil olduğunu deyib. Xüsusilə də Qazax rayonunun dörd kəndinin işğalına son qoyulmasından sonra sərhədlərin Alma-Ata Bəyannaməsi əsasında delimitasiya ediləcəyi barədə yayılan xəbərlər Başkəndin Ermənistana veriləcəyi kimi məlumatların müzakirəsinə səbəb olub.

Halbuki, Ermənistanın Başkəndə olan ərazi iddiasının nə siyasi, nə də hüquqi əsası yoxdur. Çünki Başkənd tarixi Azərbaycan torpağıdır və qanunsuz olaraq Ermənistana bağışlanıb. 1920-ci ildə bolşevik Rusiyası hələ SSRİ təşkil olunmamış partiya orqanının qərarı ilə Başkəndi Ermənistana pay verib.

Yəni bu qərarın hər hansı konstitusion - hüquqi əsası yoxdur.Adıçəkilən yaşayış məntəqəsi 1978-ci ilə qədər Başkənd adlanıb. Bu isə kəndin tarixi Azərbaycan torpağı olduğunu bir daha təsdiq edir. Yalnız 1978-ci il yanvarın 25-də Ermənistan SSR Ali Sovetinin qərarı ilə kəndin adı dəyişdirilərək “Artsvaşen” kimi adlandırılıb. 1995-ci ildə isə Ermənistan parlamenti Başkəndin Geqarkunik vilayətinin tərkibinə daxil edilməsinə dair daha bir qərar çıxarıb. Bu faktın özü də Başkəndin Ermənistana aid olmadığını sübut edir.

Başkəndi Alma-Ata Bəyannaməsinə istinadən Ermənistan ərazisi adlandırmağın isə siyasi və hüquqi əsasları da yoxdur. Çünki Ermənistan Alma-Ata Bəyannaməsini imzaladıqdan sonra işğalçılıq müharibəsi aparmaqla Azərbaycanla sərhədlərindən imtina edib. Başkənddə yaşayan erməni əhalisi 1992-ci il avqustun 8-də, yəni Ermənistan sərhədlərdən imtina etdikdən sonra həmin ərazini tərk edib. 

Beləliklə, Ermənistan Başkənddə seprataçılıq hərəkatına silahlı dəstək verməklə bu bölgəyə aid inzibati sərhədlərini də de-yure ləğv edib. Ona görə də Azərbaycanla sərhədlər yenidən müəyyənləşməlidir. Nəhayət, Başkəndin guya Ermənistan ərazisi olması barədə səslənən fikirlərin Azərbaycan Konstitusiyasının pozulması deməkdir. Bu, həm də Ermənistan Konstitusiyasına ziddir. Çünki hər iki dövlət 1918-1920-ci illərdə mövcud olmuş müstəqil respublikaların siyasi varisidir. 

Başkənd isə həmin dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi olub. İrəvan mahalında yaradılmış və 9 min kv.km. əraziyə malik olmuş Ermənistan Respublikasının tərkibində Başkənd adlı yaşayış məntəqəsi olmayıb. Yalnız bolşevik işğalından sonra Başkənd qanunsuz olaraq Ermənistana verilib.

Yəni konstitusiyaya görə, hazırkı Ermənistan dövləti birinci respublikanın siyasi varisidir. Başkənd isə ikinci respublaika adlandırılan Ermənistan SSR-in inzibati ərazisinə daxil olub. Paşinyan da əhali ilə görüşündə məhz Ermənistan SSR-in xəritəsinin maketini nümayiş etdirir. Bu da nə Başkəndə olan iddianın, nə də sərhədlərin müəyyənləşməsi üçün hüquqi baza sayıla bilməz. Ona görə də Başkənd heç bir halda Ermənistan ərazisi sayıla bilməz. 

Paşinyanın əslində, “tarixi Ermənistan”dan imtina edib, “real Ermənistan” qurmaq çağırışlarının arxasında həm də Başkəndə olan ərazi iddiası dayanır. Yəni Paşinyan yalnız “böyük Ermənistan” xülyasından imtina etmir. Baş nazir 1918-1920-ci illərdə mövcud olmuş Ararat Respublikasının siyasi varisliyindən imtina edir və 1991-ci il xəritələrində əks olunmuş Ermənistan SSR-in sərhədləri çərçivəsində real dövlət modelinin qurulmasını təklif edir. 

Müşfiq Abdulla 
 “Cebhe.info”