“İntihar edən Məzahiri hamilə arvadı ilə hədələyiblər” - VİDEO

“İntihar edən Məzahiri hamilə arvadı ilə hədələyiblər” - VİDEO

Aprelin 22-də Gəncədə 28 yaşlı Məzahir Zahir oğlu Nuriyevin özünü güllələyərək intihar etməsi ilə bağlı bəzi ittihamlar səsləndirilir.

"Cebhe.info" “Qafqazinfo”ya istinadən xəbər verir ki, mərhumun qohumu, bloqer Sevinc Hüseynova Məzahirin bir qrup şəxs tərəfindən hədələndiyini iddia edib.

Sosial şəbəkədə video paylaşan S.Hüseynova Məzahir Nuriyevin 110 min manat borca düşdüyünü deyib və borc verən şəxslərin onu hədələdiyini qeyd edib: “Gəncədə Elfak Akif oğlu adlı şəxs var, restoranları var, Məzahirin ona borcu olub. Hadisədən bir neçə saat əvvəl evə gəliblər, qapının zəngini bir neçə dəfə basıblar. Bunun kamera görüntüləri də mövcuddur. Həmin şəxslər Məzahiri hədələyiblər. Onu 14 yaşlı qardaşı və hamilə arvadı ilə qorxudublar. Gəncədə çayqıraqlılar, saqqallılar deyilən dəstələr var, onların adını veriblər. Məzahir evdə babasından qalan tüfəngi götürüb özünü güllələyəndən sonra qaçıb gediblər”.

S.Hüseynovanın iddiasına əsasən, qohumunun vəfatından bir neçə gün keçməsinə baxmayaraq, həmin şəxslər hədə-qorxu ilə pul tələb etməyə davam edirlər. O, hüquq-mühafizə orqanlarına müraciət etdiklərini, həmçinin əllərindəki faktları Gəncə Şəhər Prokurorluğuna təqdim etdiklərini əlavə edib.

Xatırladaq ki, intihar hadisəsi aprelin 22-də saat 14:05-də Gəncə şəhəri Nigar Rəfibəyi küçəsinindəki ev 42-nin zirzəmisində baş verib. Bu ilin 10 aprel tarixində 28 yaşı tamam olmuş Məzahir Nuriyev “Churchill” markalı təklüləli ov tüfəngi ilə özünə atış açıb və hadisə yerində vəfat edib.

"Cebhe.info"