Xocalı aeroportunun aqibəti necə olacaq?- “Azərbaycan tərəfinə təhvil...”

Xocalı aeroportunun aqibəti necə olacaq?- “Azərbaycan tərəfinə təhvil...”

Rusiya sülhməramlı qüvvələri Azərbaycanı tərk etdikdən sonra Xocalı hava limanından istifadə məsələsi gündəmə gəlib.

Qeyd edək ki, sülhməramlı kontingent 2020-ci il noyabrın 10-dan etibarən adıçəkilən hava limanının ərazisində yerləşib. Rusiya hərbçiləri Azərbaycandan çıxmağa başladıqdan sonra Xocalı aeroportunu da boşaldır. Bu isə perspektivdə hava limanın fəaliyyətinin bərpasına şərait yaradır. Lakin bu barədə qərar Azərbaycan hökuməti tərəfindən verilməlidir. 

Çünki Xocalı hava limanı işğal dövründə Ermənistan tərəfindən qismən təmir olunsa da, müasir beynəlxalq uçuşların həyata keçirilməsi üçün lazım olan standartlara cavab vermir. Ona görə də hava limanının yenidən təmiri istisna olunmur. 

Hərbi ekspert Ədalət Verdiyev “Cebhe.info”-ya açıqlamasından sonra sülıhməramlıların Xocalı hava limanının ərazisini hələ tam tərk etmədiklərini deyib. Onun sözlərinə görə, yaxın vaxtlarda bu proses başa çatacaq və Azərbaycan tərəfi Xocalı aeroportundan istifadə ilə bağlı məsələyə baxacaq: 

“Məlum olduğu kimi, Rusiya sülhməramlı qüvvələri bu ilin sentyabr ayının sonuna qədər Azərbaycan ərazisini tam tərkibdə tərk edəcəklər. Hazırda Rusiya hərbi kontingentinin çıxarılması sürətlə davam etsə də, hələ başa çatmayıb. Hesab edirəm ki, bu ayın sonuna qədər olmasa da, iyun ayında proses yekunlaşacaq.

Xocalı hava limanı Azərbaycan tərəfindən inşa olunub və Azərbaycan ərazisində yerləşir. Lakin sülhməramlılar Azərbaycan ərazisini tamamilə tərk etməyib. Rusiya hərbi kontingentinin rəhbərliyi də Xocalı aeroportu ərazisində yerləşir. Orada çox geniş hərbi insfrastruktur qurulmuşdu. Lakin hazırda həmin infrastrukturun, dayaq məntəqələrinin və blok-postların sökülməsi davam edir”. 

O qeyd edib ki, Rusiya sülhməramlıları ərazini tamamilə tərk etdikdən sonra Xocalı hava limanı Azərbaycan tərəfinə təhvil veriləcək: 

“Bundan sonra mütəxəssislər əraziyə təkrar baxış keçirəcəklər, hava limanından istifadə imkanları araşdırılacaq”. 

Ekspert qeyd edib ki, Xocalı aeoroportunda beynəlxalq uçuşların həyata keçirilməsi üçün yenidən modernləşdirilcəyi ehtimalı böyükdür”. 

Müşfiq Abdulla 
“Cebhe.info”