59 bal toplayan müəllim: "Elm və Təhsil Nazirliyi özü müəllimlər arasında fərq qoyur" 

59 bal toplayan müəllim: "Elm və Təhsil Nazirliyi özü müəllimlər arasında fərq qoyur" 

18-25 iyun tarixində təşkil olunan sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi artıq yekunlaşıb.

24 iyun tarixində keçirilən imtahanda biologiya və kimya fənnini tədris edən müəllimlər iştirak ediblər. İmtahana ümumilikdə 6142 nəfər müəllim dəvət olunub. Test imtahanları 18 şəhər üzrə 39 imtahan mərkəzini əhatə edib. İmtahanda 5945 müəllim iştirak edib, 97% davamiyyət qeydə alınıb. Kimya və biologiya fənni ilə bağlı keçirilən imtahanda da yüksək nəticə toplayan müəllimlərlə yanaşı, zəif nəticə göstərənlər də oldu. 

“Cebheinfo.az”-ın müsahibi  imtahanda ən yüksək nəticələrdən biri, 149 saylı məktəbin 59 bal toplayan kimya müəllimi Şəlalə Həsənovadır: 

-İmtahan prosesini necə qiymətləndirirsiniz? 

-Kimya fənnindən keçirilən sertifikasiya imtahanında iştirak etdim. Demirəm ki, asan imtahan oldu. Düşündürücü və vaxt aparan suallar var idi. Sonlara doğru məsələlərinin vaxt aparma səviyyəsi artırdı. Ancaq ümumilikdə imtahan normal keçdi. 

-Kimya fənnini şagirdlərə aşılamaq doğurdan da çətindirmi? 

-Doğrudur, kimya, fizika digərlərinə nisbətən orta məktəbin çətin fənləri hesab edilir. Ancaq biz onu müəyyən yollarla şagirdlərə sevdirə bilirik. Şəxsən mənim 22 illik müəllimlik təcrübəm var. Şagirdlərə kifayət qədər sevdirə bilirəm. 

-Bəzi müəllimlərin fikrincə, sertifikasiyaya ehtiyac yoxdur. Siz bu barədə nə düşünürsüz? 

- Mən ümumiyyətlə, sertifikasiyanı müsbət qiymətləndirirəm. Düşünürəm ki, istər-istəməz müəllimlər də öz üzərində çalışmalıdırlar. Sertifikasiya bir təkandır. Bu imtahan müəllimləri öz üzərində işləməyə məcbur edir. Eləcə də maddi baxımdan motivasiyaedici məqam var. Müəllimlərin öz üzərində işləməsi üçün yaxşı haldır. 

-Sertifikasiya imtahanından sonra bəzi müəllimlər imtahanın çətinliyindən şikayətlənib, sanki olimpiadada olduqlarını deyərək öz etirazlarını bildirmişdilər. Həmin müəllimlərin fikri nə dərəcə doğrudur? 

- Statistikaya baxdıqda, ölkədə kimya fənni üzrə 5 faiz müəllim 50+ bal toplayıb. Ancaq digər fənlərdə bu faiz daha yüksəkdir. Kimyada isə bu faiz çox aşağıdır. Bu, o demək deyil ki, ölkənin kimya müəllimləri savadsızdır. Xeyr. Ölkədə çox güclü kimyaçılar var. Mən əminəm ki, bir qədər artıq vaxt olsaydı, digər həmkarlarım da 100 faiz cavablandırardılar. Sadəcə onlar vaxtı bölə bilməyiblər. Vaxt aparan məsələlər var idi. Mən vaxtı bölə bildim. Ancaq ola bilər ki, bəzi müəllimlər vaxtı çatdıra bilməyiblər. 

-Bəzi müəllimlər sertifikasiya imtahanı ilə bağlı daha çox həyəcan keçirir, öncədən hazırlaşsalar da imtahan zamanı mənfi nəticə göstərirlər. Sertifikasiya bu qədərmi çətindir? 

-Əslində sualların ağırlıq dərəcəsinə baxır. Məsələn, müəllimlər bildirirlər ki, Azərbaycan dili və ədəbiyyat fənnindən suallar çətin olub. Mənim fikrimcə, bütün fənlərdən sualların ağırlıq dərəcəsi eyni olsa, müəllimlər də çəkinməzlər. Ancaq ümumilikdə həyəcanlanmağa ehtiyac da yoxdur. Çünki fənnini bilən müəllim yazacaq. 

-Siz 59 bal toplamısınız. Ancaq minimum balı toplayanla ən yüksək balı toplayan müəllim eyni məktəbdə çalışır, yni hər ikisi müəllimliklə məşğul olur. Siz bu fərqi necə dəyərləndirirsiniz? 

- Bununla bağlı Elm və Təhsil Nazirliyi özü müəllimlər arasında fərq qoyur. Yəni maddi baxımdan fərq var. 30 baldan yuxarı 10 faiz, 50 balı keçənlər üçün isə 35 faiz maaş artımı var. Müxtəlif bal toplayan müəllimlərin eyni məktəbdə çalışması problem deyil. Ola bilər ki, həmin az bal toplayan müəllim imtahanda stressdə olub, yazmayıb. Ancaq maaşla buna fərq qoyulur. 

-Bəzi müəllimlər isə imtahandan keçə bilmədiklərini kompüter biliklərinin olmaması ilə əlaqələndirirlər.Bu, sizin üçün də çətinlik yaratdımı? 

-Düşünürəm ki, gənc nəslin kompüter bilikləri daha üstündür. Ancaq daha yaşlı nəsildə yeni texnologiya ilə işləmək çətin ola bilər. Gənclərə kompüterdə işləmək daha asandır. Ancaq bu, günümüzün reallığıdır, tələbidir. Biz onu öyrənməliyik. 

-Yəqin ki, 5 ildən sonra yenidən sertifikasiya imtahanında iştirak etməli olacaqsınız. Növbəti imtahanın daha da çətin olacağını düşünürsüzmü? 

- Mən öz ixtisasımı əlliyə əlli yazmışam. Səhv etdiyim kuriklumla bağlı olub. Bir sualı son anda dəyişdim. Qərarsız qalmışdım. Yəqin ki, qarşıdakı dövrdə də üzərimdə çalışacağam. Onsuz da kimya fənnini hər gün tədris edirik. Fənnimi sevirəm. Metodikadan olan yenilikləri araşdıracağam, öyrənəcəyəm. 

Nigar Abdullayeva 
"Cebheinfo.az"