İnkişafının ən qüdrətli mərhələsini yaşayan Azərbaycan ORDUSU

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının növbəti ildönümü qeyd olunur. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə əsası qoyulan milli ordu bu gün öz inkişafının ən qüdrətli mərhələsini yaşayır.
"Cebheinfo.az"-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, bugünkü Azərbaycan Ordusunu əvvəlki illərlə müqayisə etdikdə, bir sıra əsaslı fərqlər müşahidə olunur:
"İllər keçdikcə ordu dəyişir, yenilənir və daha mükəmməl bir struktur qazanır. Bu baxımdan, müstəqilliyimizin ilk illərində formalaşmağa başlayan Azərbaycan Ordusu ilə bugünkü ordu arasında böyük fərq var. Hər şeydən əvvəl müasir ordu daha çox texnoloji yeniliklərə əsaslanır. Geyimdən tutmuş döyüş taktikasına, strukturuna qədər çox şey dəyişib".
Ekspert qeyd edib ki, əvvəllər əsasən say, yəni kəmiyyət ön planda idisə, bu gün keyfiyyətə üstünlük verilir:
"Artıq 21-ci əsrin tələblərinə cavab verə biləcək komandolar və xüsusi təyinatlı hərbi hissələr formalaşdırılıb. Bu da onu göstərir ki, Azərbaycan Ordusu təkcə sayla deyil, peşəkarlıqla və müasir yanaşmalarla da güclənməkdədir. Azərbaycanın əksər şəhər və rayonlarında hətbi hissələr var. Bu fərqlər gözlə görünəcək qədər aydındır və ordu ildən-ilə daha da təkmilləşir".
Üzeyir Cəfərovun sözlərinə görə, gənclər arasında hərbi xidmətə maraq var:
"Bu marağı daha da artırmaq mümkündür. Gənclər hərbi xidmətə böyük həvəslə yollanırlar. Bu maraq uşaq bağçası və məktəb illərindən etibarən formalaşdırılmalıdır. Yalnız güc strukturlarının deyil, eyni zamanda Elm və Təhsil Nazirliyinin də bu istiqamətdə üzərinə böyük məsuliyyət düşür. Çağırışaqədərki hərbi hazırlıq dərsləri yüksək səviyyədə təşkil olunmalıdır ki, yalnız oğlanların deyil, qızların da bu sahəyə marağı olsun.
Ona görə də televiziya kanallarımızın və sosial media platformalarının əksəriyyəti daha çox şou proqramlara üstünlük verməməlidir. Hərbi xidmətin vacibliyini, vətənpərvərliyin əhəmiyyətini gənclər arasında təbliğ etmək, onların bu sahəyə olan marağını artırmaq informasiya vasitələrinin əsas vəzifələrindən biri olmalıdır. Hərbi xidmət təkcə fiziki hazırlıq deyil, həm də insanın şəxsi inkişafı üçün bir məktəbdir. Burada qazanılan nizam-intizam, məsuliyyət hissi gələcəkdə ailə və cəmiyyət idarəçiliyində mühüm rol oynayır. Ailə dedikdə dövləti nəzərdə tuturam".
Ekspert vutğulayıb ki, müasir ordu yalnız silah-sursatla deyil, həm də milli ruhla möhkəmlənməlidir:
"Müasir silahlar ağılla və məqsədyönlü şəkildə istifadə olunmalıdır. İnsanda vətəninə, torpağa məhəbbət olmalıdır. Bu cür yanaşma müasir dövlətlərin güclü və dayanıqlı olmasının əsas şərtlərindən biridir. Bugünkü dünyada ən müasir texnologiyaya sahib ölkələrin belə ciddi çətinliklərlə üzləşdiyini görürük".
Onun sözlərinə görə, regionda dəyişən siyasi vəziyyət fonunda Azərbaycanın hərbi gücü sürətlı dəyişir:
"Dünyada baş verən son proseslər, Rusiya-Ukrayna müharibəsi, İsrail-İran qarşıdurması və Yaxın Şərqdəki gərginliklər, digər bölgələrdəki siyasi hadisələr Azərbaycanın hərbi strategiyasına təsir göstərir, hərbi gücünü bundan sonra da lazimi səviyyədə saxlamağa məcbur edir.
Belə bir mürəkkəb geosiyasi şəraitdə biz ordunu hər zaman yüksək döyüş hazırlığında saxlamalıyıq. Təlimlər intensiv şəkildə davam etdirilməli, gənclər hərbi xidmətə maraq göstərməlidirlər. Vətənin müdafiəsi üçün hər bir insan daim hazır olmalıdır.
Çünki bölgəmizdə-həm şimalda, həm cənubda, həm də Xəzərin o tayında müəyyən qüvvələr var ki, gərginliyin artmasında maraqlıdırlar. Eyni zamanda, bu gün dünyada “silah baronları” var. Onlar silah satışını artırmaq məqsədilə münaqişə və müharibələrin daha çox olmasında maraqlıdırlar. Bu yolla milyardlarla gəlir əldə edərək öz çirkin maraqlarını həyata keçirməyə çalışırlar".
Əfsanə Rəcəb
“Cebheinfo.az”