Şüşə qabda plastik TƏHLÜKƏSİ

Şüşə qabda plastik TƏHLÜKƏSİ

Araşdırmalar şüşə butulkalarda satılan içkilərin tərkibində plastik butulkalarda olanlardan daha çox mikroplastik ola biləcəyini müəyyən edib. 

"Cebheinfo.az" xəbər verir ki, lakin bu, yalnız plastik qapaqlı şüşə butulkalara aiddir.

Bu barədə Fransa Qida Təhlükəsizliyi Agentliyi (ANSES) tərəfindən yeni tədqiqat nəticəsi yayımlanıb. Araşdırmalara görə,  şüşələrdə satılan içkilərdə plastik qablaşdırmalara nisbətən 5 ilə 50 dəfə daha çox mikroplastik hissəcik aşkar edilib. 

Limonad, soyuq çay, pivə və qazlı içkilərin cam şüşələrində hər litr üçün orta hesabla 100 mikroplastik hissəcik qeydə alınıb.

Bu nəticə cam şüşələrin təhlükəsizliyi ilə bağlı narahatlıq yaradıb. Lakin əslində mikroplastiklərin mənbəyi şüşə qablar deyil, məhz onların qapaqlarıdır. Qapaqlardakı plastik örtük və boya cam şüşələrdəki içkilər üçün mikroplastik təhlükəsi yaradır.

Aşkar olunan hissəciklərin forması, rəngi və kimyəvi tərkibi qapaqlardakı boya ilə tam uyğunluq təşkil edir. Araşdırmalara görə, plastik əsaslı boyalarla örtülmüş qapaqlar, şüşələrin daşınma və saxlanma zamanı bir-birinə sürtünməsi nəticəsində aşınır və bu hissəciklər içki ilə təmasda olan səthə keçir.

Tədqiqatçılar bildirirlər ki, qapaqların su, alkoqol və hava ilə təmizlənməsi mikroplastik səviyyəsini 60%-ə qədər azalda bilər.

Mikroplastiklərin insan sağlamlığına dəqiq təsiri hələlik tam müəyyən edilməyib, lakin onların ürək-damar xəstəlikləri, hormonal pozğunluqlar və xərçəng kimi ciddi sağlamlıq problemləri ilə əlaqəli ola biləcəyi deyilir.

Əfsanə
"Cebheinfo"