İnsanların süni intellekt asılılığı artır: Bu, təhlükəli tendensiyadır?

İnsanların süni intellekt asılılığı artır: Bu, təhlükəli tendensiyadır?

Son illər süni intellekt gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib.

Artıq bir çox insan nə alacağını, hara gedəcəyini, hansı ixtisası seçəcəyini, hətta şəxsi məsələlərlə bağlı qərarlarını belə süni intellektin tövsiyələrinə əsasən verməyə başlayır.

Bəzi insanlar süni intellekti vaxta qənaət edən vasitə hesab etsə də, digərləri bu vəziyyətin insanların müstəqil qərar vermək bacarığına təsir göstərə biləcəyini düşünür.

Bəs insanlar niyə getdikcə öz seçimlərindən daha çox süni intellektin məsləhətlərinə güvənirlər?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında psixoloq Gülnar Ağayeva bildirib ki, texnologiyanın inkişafı insanların düşüncə və qərarvermə vərdişlərini də tədricən dəyişdirir:

“Son illər insanlar qərar vermək üçün getdikcə daha çox süni intellektə müraciət edirlər. Bunun əsas səbəblərindən biri beynin gündəlik qəbul etdiyi böyük informasiya yüküdür.

İnsan çoxsaylı seçimlərlə qarşılaşanda qərar vermək çətinləşir və beyin daha asan yolu seçməyə meyilli olur. Süni intellekt isə qısa müddətdə məlumatları toplayıb hazır variantlar təqdim etdiyi üçün bu prosesi xeyli sadələşdirir.

Psixologiyada buna "qərar yorğunluğu" deyilir. Gün ərzində çoxlu seçim edən insan zaman keçdikcə qərar verməyə daha az enerji sərf etmək istəyir. 

Məhz buna görə də süni intellektin tövsiyələri rahat və cəlbedici görünür. Ancaq unutmaq olmaz ki, süni intellekt insanın duyğularını, həyat təcrübəsini və şəxsi dəyərlərini tam nəzərə ala bilmir.

O, qərar verməyə kömək edə bilər, lakin insanın yerinə düşünə bilməz. Süni intellektdən düzgün istifadə etmək faydalıdır, amma bütün seçimləri ona həvalə etmək uzunmüddətli perspektivdə insanın müstəqil düşünmə və məsuliyyətlə qərar vermə bacarığına təsir göstərə bilər”.

Onun sözlərinə görə, insanlar çox vaxt texnologiyanın təqdim etdiyi məlumatı daha obyektiv hesab edirlər:

“Çünki süni intellekt emosiyalarla deyil, mövcud məlumatlar əsasında cavab verir. Bu da bəzi insanlarda onun səhv etmə ehtimalının daha az olduğu düşüncəsini yaradır.

Halbuki süni intellektin verdiyi cavablar istifadə etdiyi məlumatlardan asılıdır və hər zaman konkret insanın vəziyyətinə tam uyğun olmaya bilər”.

Psixoloq qeyd edib ki, insan bir məsələdə ardıcıl olaraq süni intellektdən məsləhət aldıqca, zamanla ona psixoloji bağlılıq formalaşa bilər:

“Bu səbəbdən ən sadə gündəlik seçimlərdə belə əvvəlcə öz fikrinə deyil, texnologiyanın tövsiyəsinə üstünlük verməyə başlayır.

Sağlam yanaşma isə süni intellekti qərar verən deyil, qərar verməyə kömək edən bir vasitə kimi qəbul etməkdir.
Belə olduqda həm texnologiyanın üstünlüklərindən yararlanmaq, həm də tənqidi düşünmə və müstəqil qərarvermə bacarığını qorumaq mümkündür”.

Gülər Həsənli
“Cebheinfo.az”