"Xalxın uşaqları": Övladınıza edəcəyiniz ən böyük PİSLİK
Son dövrlər yeniyetmələrin özlərinə zərər yetirməsi, həmçinin ailədaxili münasibətlərdə valideynlərlə yaşanan gərginliklər cəmiyyətdə narahatlıq doğuran mövzulardan birinə çevrilib.
Mütəxəssislər bu problemlərin yaranmasına təsir edən amillər arasında valideynlərin övladlarını bacı-qardaşları, qohumları və ya sinif yoldaşları ilə müqayisə etməsini də qeyd edirlər.
Uşaqların tez-tez “filankəs səndən yaxşıdır”, “onun kimi ol” kimi ifadələr eşitməsi onların özünəinamına, psixoloji vəziyyətinə və şəxsiyyətinin formalaşmasına mənfi təsir göstərə bilər.
Xüsusilə azyaşlı və yeniyetmə dövründə olan uşaqların inkişafı üçün müqayisədən daha çox dəstəyə, motivasiyaya və fərdi xüsusiyyətlərinin qiymətləndirilməsinə ehtiyac var.
Bəs valideynlər övladlarını motivasiya etmək istəyərkən müqayisə etmək əvəzinə hansı üsullardan istifadə etməlidirlər ki, uşaq həm özünə inansın, həm də sağlam şəkildə inkişaf etsin?
Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov “Cebheinfo.az”-a bildirib ki, uşaqları bacı-qardaşı, qohumu və ya sinif yoldaşları ilə müqayisə etmək ilk baxışdan motivasiyaedici üsul kimi görünsə də, əslində onların psixoloji inkişafına ciddi mənfi təsir göstərir:
“Davamlı müqayisə olunan uşaq zamanla özünü olduğu kimi qəbul etməkdə çətinlik çəkir və öz dəyərini yalnız başqalarının nailiyyətləri üzərindən qiymətləndirməyə başlayır. Bu isə özgüvənin zəifləməsinə, özünə inamın azalmasına və "mən kifayət qədər yaxşı deyiləm" düşüncəsinin formalaşmasına səbəb olur.
Uşaq valideyn sevgisini və qəbulunu öz uğurları ilə əlaqələndirdikdə, səhv etməkdən qorxan, daim təsdiq axtaran və özünü başqaları ilə yarış içində hiss edən bir şəxsiyyət formalaşa bilər. Halbuki sağlam psixoloji inkişafın əsas şərtlərindən biri uşağın qeyd-şərtsiz qəbul edildiyini hiss etməsidir.
Sağlam rəqabət uşağın inkişafını dəstəkləyə bilər, lakin rəqabət heç vaxt düşmənçilik, qısqanclıq və ya özünü başqalarından üstün və ya aşağı görmək üzərində qurulmamalıdır. Hər bir uşağın inkişaf tempi, maraqları, bacarıqları və potensialı fərqlidir.
Valideynlərin əsas vəzifəsi uşağı başqaları ilə deyil, onun öz əvvəlki inkişaf mərhələsi ilə müqayisə etmək, kiçik irəliləyişlərini belə görmək və qiymətləndirməkdir. Ailədə uşağın fikir və davranışlarına rasional, anlayışlı və dəstəkləyici yanaşma onun emosional təhlükəsizlik hissini gücləndirir və sağlam şəxsiyyət formalaşmasına mühüm töhfə verir.
“Filankəs səndən yaxşıdır”, “onun kimi ol” kimi müqayisəedici və hökmedici ifadələr uşağın daxili dünyasında dərin iz buraxa bilər. Belə mesajları tez-tez eşidən uşaq zamanla öz fərdiliyini dəyərsiz hesab etməyə başlayır və daim başqalarının gözləntilərinə uyğunlaşmağa çalışır. Nəticədə onun özünüdərk prosesi zəifləyir, öz qərarlarına güvəni azalır və müstəqil seçim etməkdə çətinlik yaranır”.
Onun sözlərinə görə, bu cür uşaqlar böyüdükdə münasibətlərində də özlərini başqaları ilə müqayisə etməyə meyilli olurlar:
“Onlar tez-tez təsdiq almağa ehtiyac duyur, tənqidə qarşı həssas olur və uğursuzluğu şəxsi dəyərsizliyin göstəricisi kimi qəbul edirlər. Bu isə həm dostluq, həm də ailə və iş münasibətlərində narahatlıq, özgüvənsizlik və emosional gərginlik yarada bilər.
Davamlı müqayisə uşağın motivasiyasını artırmaq əvəzinə daxili motivasiyasını zəiflədir. O, nəticəyə fokuslanır, lakin öz inkişaf prosesindən zövq ala bilmir.
Belə hallarda uşaq öz bacarıqlarını inkişaf etdirmək üçün deyil, yalnız tənqiddən yayınmaq və ya başqalarını razı salmaq üçün fəaliyyət göstərməyə başlayır. Sağlam şəxsiyyət isə insanın öz güclü və zəif tərəflərini qəbul etməsi, öz potensialını tanıması və qərarlarını öz dəyərləri əsasında verməsi ilə formalaşır.
Uşağı motivasiya etməyin ən sağlam yolu onu başqaları ilə deyil, öz inkişafı ilə müqayisə etməkdir. Valideynlər uşağın yalnız nəticəsini deyil, göstərdiyi səyi, əzmkarlığını və öyrənmə prosesini də qiymətləndirməlidirlər.
Bu yanaşma uşaqda "mən inkişaf edə bilərəm" düşüncəsini formalaşdırır və onun daxili motivasiyasını gücləndirir. Ən vacib məqamlardan biri uşağın uğursuzluqlarının valideyn sevgisini və qəbulunu dəyişdirmədiyini ona hiss etdirməkdir.
Uşaq bilməlidir ki, səhv etmək inkişafın təbii hissəsidir və hər uğursuzluq yeni bacarıqlar qazanmaq üçün bir fürsətdir. Belə bir mühitdə böyüyən uşaqlar risk etməkdən çəkinmir, problemləri həll etməyə daha açıq olur və öz potensialına daha çox inanırlar”.
Psixoloq qeyd edib ki, valideynlər uşağın yaşından asılı olmayaraq ona şəxsiyyət kimi yanaşmalı, fikirlərini dinləməli, seçimlərinə hörmət etməli və qərarvermə prosesinə cəlb etməlidirlər:
“Dəstəkləyici ünsiyyət, empatiya, səmimi tərif və konstruktiv fikirlər uşağın emosional dayanıqlığını artırır. Uşaq özünü dəyərli, qəbul olunmuş və güvənilən hiss etdikdə, həm özünəinamı möhkəmlənir, həm də sağlam, məsuliyyətli və müstəqil şəxsiyyət kimi formalaşır.
Aişə Abdulova
“Cebheinfo.az”

