Xameneyinin dəfninə görə 1 həftə vaxt verdi
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İranın Ali Lideri Əli Xameneyinin dəfn mərasimi ilə əlaqədar Tehranla aparılan danışıqlara bir həftəlik fasilə verib.
“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, Tramp bu barədə ABŞ-ın Müstəqillik Günü münasibətilə Cənubi Dakotadakı Raşmor dağında keçirilən tədbirdə çıxışı zamanı danışıb.
“Onlar razılaşma əldə etmək istəyirlər, buna çox can atırlar. Biz dəfn mərasiminin keçirilməsi üçün onlara danışıqlarda bir həftəlik fasilə verdik”, – deyə Tramp bildirib.
Əli Xameneyinin dəfn mərasimi iyulun 3-də Tehranda başlayıb. Bundan əvvəl, iyulun 1-də “The Wall Street Journal” qəzeti mənbələrə istinadən yazmışdı ki, Tramp administrasiyası Tehranla danışıqların əvvəlcədən müəyyən edilmiş 60 günlük müddətdən daha uzun çəkməsinə etiraz etmir.
Xatırladaq ki, iyunun 14-də ABŞ, İran və vasitəçi Pakistan rəsmiləri Vaşinqton və Tehran arasında Yaxın Şərqdəki müharibəyə son qoyulmasını nəzərdə tutan razılaşmanı təsdiqləmişdilər.
İran xarici işlər nazirinin müavini Kazem Qəribabadinin sözlərinə görə, 60 günlük atəşkəs müddətində Tehranın nüvə proqramı ilə bağlı danışıqlar aparılacaq.
ABŞ iyunun 15-də İranın dəniz blokadasına son qoyulduğunu və Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dərhal və daimi dayandırıldığını elan edib.
ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara isə fevralın 28-də başladığı bildirilir.
Aişə Abdulova
“Cebheinfo.az”

