Yay fəsli ərəfəsində bölgələrə axın: Qiymətlər kəskin artıb
Yay mövsümünün başlaması ilə insanlar istirahət planları qurmağa başlayıb.
Lakin bir çox ailə üçün ölkə daxilində səyahət etmək belə artıq əlçatmaz görünür. Hotel qiymətləri, nəqliyyat xərcləri, restoran və digər xidmətlərin bahalığı səbəbindən bəzi vətəndaşlar istirahət üçün xarici ölkələri daha sərfəli hesab edirlər.
Bəs daxili turizm niyə əhalinin böyük hissəsi üçün bahalıdır?
Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında turizm eksperti Ceyhun Aşurov bildirib ki, yay mövsümündə qiymətlərin artması təlabatla bağlıdır:

"Hazırda həm Azərbaycandan xaricə səfər edənlərin, həm də ölkəyə gələn əcnəbi turistlərin sayında müəyyən azalma müşahidə olunur. Bununla belə, məktəb və universitetlərdə tətil dövrünün başlaması, eləcə də bayram və həftəsonu günlərinin artması daxili turizmə marağı yüksəldib.
Vətəndaşlar daha çox regionlara üz tutduğundan istirahət məkanlarına tələbat da artıb. Artan tələbat qiymətlərə də təsirsiz ötüşmür. Ötən il Həmkarlar İttifaqları vasitəsilə müəyyən güzəştli istirahət imkanları təqdim edilmiş və bu sahədə müəyyən şəffaflıq təmin olunmuşdu.
Sistem tam rahat işləməsə də, yüklənmələrə baxmayaraq, bir sıra vətəndaşlar bu imkanlardan yararlana bilmişdi. Bu il də Həmkarlar İttifaqları xətti ilə müəyyən qrup vətəndaşların istirahət imkanlarından faydalanacağı gözlənilir.
Ekspert qeyd edib ki, yüksək tələbat fonunda qiymətlər əhəmiyyətli dərəcədə artıb:
"Əvvəllər kənd evlərini 50 manatdan kirayələmək mümkün idisə, hazırda qiymətlər 100-500 manat arasında dəyişir. Qiymətlər regionlara görə də fərqlənir.
Xüsusilə Qəbələ, Quba və Şamaxı istiqamətlərində qiymətlər daha yüksəkdir. Cənub bölgəsində isə nisbətən orta qiymətlər müşahidə olunur.
Gəncə, Naftalan, Zaqatala və Balakən istiqamətlərində hazırda qiymətlər daha əlverişli hesab edilir. Paytaxtdan məsafə və həmin bölgəyə olan tələbat da qiymətlərin formalaşmasına təsir edən əsas amillərdəndir".
Gülər Həsənli
"Cebheinfo.az"


