Neftin qiyməti hansı həddə qədər ucuzlaşacaq?
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,01 dollar və ya 3,89 % ucuzlaşaraq 74,36 ABŞ dolları olub.Qeyd edək ki, ötən gün neftimiz 77,37 ABŞ dollarına ticarət edilib.
Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.
Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.Azərbacan neftinin ucuzlaşmasına səbəb nədir və hansı həddə qədər ucuzlaşa bilər?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli "Cebheinfo.az"-a bildirib ki, dünya bazarlarında neftin qiymətində baş verən dəyişikliklər birbaşa Azərbaycanın ixrac etdiyi neftin dəyərinə də təsir göstərir:

“Azərbaycan nefti keyfiyyət göstəricilərinə görə bir çox digər neft markalarından üstündür və bu səbəbdən bazarda adətən “Brend” neftdən 1, bəzən isə 2 dollar baha satılır.
Bu gün dünya bazarında neft ucuzlaşması Hörmüz boğazının açılması ilə əlaqədardır. Artıq Amerika Birləşmiş Ştatları və İran arasında münaqişənin dayandırılmasını nəzərdə tutan 14 bənddən ibarət memorandum imzalanıb, sülh danışıqları isə davam etdirilir.
Hazırda Hörmüz boğazı açıqdır və ərəb ölkələri həmin boğazdan neft ixrac edə bilirlər. Hörmüz boğazı dünya neft ticarətində mühüm rol oynayır. Dünya neft ticarətinin 20 faizi təqribən oradan keçir. Hörmüz boğazının açılması neft qiymətlərini ucuzlaşdırıb.
Neft qiymətlərinin bahalaşması da məhz həmin boğazın bağlanması ilə əlaqədar olduğuna görə, indi açılması ucuzlaşmaya gətirib çıxarır. Ancaq bugünkü məlumatlara görə, ABŞ Hörmüz boğazı ətrafına yeni zərbələr endirib. Yəni bu, ABŞ-İran razılaşmasının nəticələrindən asılı olacaq.
Əgər sakitlik hökm sürsə, bir müddət neft qiymətləri 65-70 dollar arasında ticarət olunacaq. Yəni qiymətlər prosesin gedişindən asılıdır".
Nigar Abdullayeva
"Cebheinfo.az"


