Media sahəsində gözlənilən yenilik: Yeni qurumun yaradılması niyə vacibdir?
Ölkədə media sahəsində yeni qurum yaradılır.
"Media haqqında" Qanuna təklif edilən dəyişikliklər Milli Məclisin növbədənkənar sessiyasının iclasında müzakirəyə çıxarılıb.
Sənədə əsasən, müasir dövrdə milli informasiya təhlükəsizliyini və medianın iqtisadi müstəqilliyini təmin etmək üçün Azərbaycanda media sahəsinə münasibətdə daha çevik və kollegial mexanizmə keçid zərurəti yaranıb.
Sözügedən mexanizm də öz növbəsində çap, onlayn və audiovizual media arasındakı sərhədlərin silinməsi, informasiya sisteminin əsas sütunu olan mediaya vahid yanaşmanı şərtləndirir.
Vurğulanıb ki, bu baxımdan, qanun layihəsində vahid qurumun - Media və Yayım Şurasının yaradılması, Şura ilə bağlı vəzifə və öhdəliklərin "Media haqqında" Qanunda öz əksini tapması və qurumun kollegial idarəetmə modelini əsas götürməsi medianın müstəqilliyinə və quruma münasibətdə ictimai etimadın yüksəlməsinə zəmanət verən effektiv mexanizmdir.
"Media haqqında" Qanunda təklif olunan dəyişikliklər daxili informasiya məkanının təhlükəsizliyini təmin etməyə, eləcə də yerli medianın inkişafına təkan verməyə şərait yaradacaq.
Bu xüsusda, media və yayım sahəsində səlahiyyətli Şuranın yaradılması "Dövlət qulluğu haqqında" Qanunun müvafiq maddələrində də dəyişikliklər edilməsini nəzərdə tutur.
Bütövlükdə, təqdim olunan qanun layihəsi media sahəsində normativ tənzimləmənin müasirləşdirilməsi, tətbiq mexanizmlərinin gücləndirilməsi, hüquqi müəyyənliyin təmin edilməsi və beynəlxalq standartlara uyğunluğun artırılması məqsədi daşıyır.
Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul olunub.
Media və Yayım Şurasının yaradılması media sektorunda hansı yeniliklərə səbəb olacaq?
Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, Media və Yayım Şurasının yaradılması barədə təkliflər ölkəmizdə informasiya siyasətinin yeni texnoloji və institusional reallıqlara uyğunlaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır:

“Yeni, mövcud reallıq budur ki, müasir dövrdə media sektoru artıq ənənəvi təsnifat çərçivələrinə sığmır. İnternet texnologiyalarının inkişafı, sosial media platformalarının təsir imkanlarının genişlənməsi, süni intellekt əsaslı informasiya məhsullarının meydana çıxması və audiovizual məzmunun rəqəmsal mühitdə sürətlə yayılması media sisteminin vahid ekosistem kimi fəaliyyət göstərməsini şərtləndirir.
Bu şəraitdə çap, onlayn və audiovizual media seqmentlərinin ayrı-ayrı institusional mexanizmlərlə tənzimlənməsi effekt vermir.
Buna görə də dünyanın müxtəlif ölkələrində media və kommunikasiya sahələrinin vahid tənzimləyici və inkişafetdirici mexanizmlər əsasında idarə olunması tendensiyası güclənir".
Onun sözlərinə görə, Media və Yayım Şurasının yaradılması barədə təklif Azərbaycanda da bu qlobal tendensiyanı gündəmə gətirir:
"Yeni modelin əsas üstünlüklərindən biri media siyasətinin formalaşdırılması, media subyektlərinin inkişafının dəstəklənməsi, audiovizual yayımın tənzimlənməsi və informasiya təhlükəsizliyi məsələlərinin vahid koordinasiya mərkəzi vasitəsilə həyata keçirilməsidir. Bu isə qərarların qəbulunda operativliyi artırmaqla yanaşı, müxtəlif media seqmentləri arasında vahid standartların tətbiqinə və daha səmərəli idarəetməyə şərait yaradacaq".
Ekspert qeyd edib ki, qanun layihəsində xüsusi vurğulanan kollegial idarəetmə prinsipi də diqqətəlayiq məqamlardandır:
"Kollegial model qərarların bir nəfərin iradəsinə deyil, müxtəlif peşəkar mövqelərin və ekspert rəylərinin nəzərə alınması əsasında formalaşmasına imkan verir.Bu isə həm qəbul edilən qərarların keyfiyyətini yüksəldir, həm də media ictimaiyyətinin yeni quruma olan etimadının daha da möhkəmlənməsinə xidmət edir".
Müşfiq Ələsgərli vurğulayıb ki, yeni Media və Yayım Şurasının fəaliyyətə başlaması ilə media subyektlərinin iqtisadi dayanıqlığının gücləndirilməsi istiqamətində daha sistemli yanaşmanın formalaşacağı da gözlənilir:
"Medianın iqtisadi müstəqilliyi informasiya təhlükəsizliyinin mühüm elementlərindən biridir. Maliyyə baxımından zəif media qurumlarının müxtəlif xarici təsirlərə və manipulyativ informasiya axınlarına daha həssas olması beynəlxalq təcrübədə də təsdiqlənmiş faktdır.
Bu baxımdan, media sektorunun inkişafına yönəlmiş vahid dövlət siyasətinin həyata keçirilməsi yerli media subyektlərinin rəqabət qabiliyyətinin artırılmasına və onların davamlı fəaliyyətinin təmin edilməsinə əlavə imkanlar yaradacaq".
O bildirib ki, məhz Media və Yayım Şurasının yaradılması dezinformasiya ilə mübarizə sahəsində institusional imkanları da genişləndirəcək:
"Xüsusilə sosial şəbəkələr və rəqəmsal platformalar üzərindən yayılan saxta məlumatların sürətlə artdığı şəraitdə informasiya məkanının monitorinqi, risklərin vaxtında müəyyənləşdirilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi daha koordinasiyalı yanaşma tələb edir. Vahid qurumun fəaliyyəti bu istiqamətdə mövcud resursların birləşdirilməsinə və daha effektiv nəticələrin əldə olunmasına şərait yarada bilər.
Media Reyestri ilə bağlı mexanizmlərin təkmilləşdirilməsi, peşəkar jurnalistikanın təşviqi, yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin dəstəklənməsi, media savadlılığının inkişaf etdirilməsi və milli media məhsullarının rəqabət qabiliyyətinin artırılması da yeni institusional modelin mühüm nəticələri sırasında olacaq.
Bu yanaşma həm yerli informasiya bazarının inkişafına, həm də Azərbaycan həqiqətlərinin beynəlxalq informasiya məkanında daha effektiv təqdim olunmasına əlavə imkanlar yaradacaq".
Mətbuat Şurası İdarə Heyətinin üzvü, media üzrə ekspert Hacıbəy Heydərli isə qeyd edib ki, müasir media mühitində platformalararası sərhədlər getdikcə zəifləyir:

“Məhz Media və Yayım Şurası media sektorunda inteqrasiyanı gücləndirə bilər. Medianın İnkişafı Agentliyi ilə Audiovizual Şuranın birləşdirilərək Media və Yayım Şurasının yaradılması media sektorunda idarəetmənin yeni modelə keçidi kimi qiymətləndirilə bilər.
Əslində, müasir dövrdə televiziya, radio, qəzet və internet mediası arasındakı sərhədlər əvvəlki kimi aydın deyil. Bu gün televiziya kanalları sosial şəbəkələrdə fəaliyyət göstərir, xəbər saytları video layihələr hazırlayır, sosial media platformaları isə milyonlarla insan üçün əsas informasiya mənbəyinə çevrilib. Yəni bütün media növləri artıq eyni informasiya məkanının iştirakçılarıdır”.
Ekspert əlavə edib ki, belə bir şəraitdə vahid qurumun yaradılması isə həm tənzimləmə, həm də inkişaf siyasətinin daha çevik və əlaqəli şəkildə həyata keçirilməsinə imkan verə bilər:
“Bu gün media sahəsində dəstək proqramları, tənzimləmə mexanizmləri və dövlət siyasətinin icrası müxtəlif qurumlar arasında bölüşdürülüb.
Yeni model qərarların daha operativ qəbul edilməsinə, resursların daha düzgün bölüşdürülməsinə və fəaliyyətin vahid strategiya əsasında qurulmasına şərait yarada bilər.
Rəqəmsallaşmanın sürətləndiyi bir dövrdə informasiya təhlükəsizliyi, peşəkar jurnalistikanın inkişafı, süni intellektin mediaya təsiri və audiovizual məkanın tənzimlənməsi artıq bir-birindən ayrılmaz məsələlərdir. Bu səbəbdən də onların vahid baxış altında idarə olunması zamanın tələbi kimi görünür”.
Hacıbəy Heydərli vurğulayıb ki, yeni Media və Yayım Şurası saxta xəbərlərə qarşı mübarizədə mühüm rol oynayacaq:
“Bu qurumun əsas missiyalarından biri də dezinformasiya ilə mübarizənin gücləndirilməsi olacaq. “İnformasiya müharibələri”nin və saxta xəbərlərin artdığı bir dövrdə vahid tənzimləyici institutun formalaşdırılması media savadlılığının yüksəldilməsi, etibarlı informasiya mühitinin qorunması və milli informasiya təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”


