Moskvada benzin sürətlə bahalaşır
Moskva şəhər mərkəzi və Moskva vilayətində yanacaq qiymətlərində artım iyunun ortalarında nəzərəçarpacaq dərəcədə sürətlənib.
"Cebheinfo.az" xəbər verir ki, “Kommersant”ın xəbərinə görə, 15-19 iyun tarixləri arasında “AI-92” və “AI-95” markalı benzinin qiyməti əvvəlki həftələrlə müqayisədə üç-dörd dəfə daha sürətlə yüksəlib.
Xüsusilə Moskva vilayətində yerləşən yanacaqdoldurma məntəqələrində litr üzrə artım 3 rublu keçib. “AI-95” markalı benzinin orta litr qiyməti Moskvada 75,33 rubla, Moskva vilayətində isə 76,49 rubla yüksəlib.
Dizel yanacağının qiymətində də mart ayından bəri ən yüksək artım qeydə alınıb.
Qiymətlərdəki sürətli bahalaşmadan sonra Rusiyanın Federal Antiinhisar Xidməti (FAS) məsələyə müdaxilə edib.
Qurum Moskva və ətrafında fəaliyyət göstərən iri yanacaq şəbəkələri “NeftMagistral” və “Trassa”dan qiymət artımının səbəblərinə dair izahat tələb edib.
Sektor nümayəndələri bildirirlər ki, müstəqil yanacaqdoldurma məntəqələri bazarda getdikcə daha bahalı olan Belarus mənşəli benzini almağa məcbur qalırlar.
Rusiya neft emalı zavodlarından məhsul tədarükünün isə çətinləşdiyi qeyd olunur. Bəzi hallarda çatdırılma müddətinin iki ayı keçdiyi, vasitəçi şirkətlər səbəbindən xərclərin daha da artdığı vurğulanır.
Mütəxəssislərin fikrincə, bazardakı gərginliyin əsas səbəbləri arasında dron hücumlarından sonra istehsalda yaranan fasilələr, neft emalı zavodlarında planlaşdırılmamış texniki xidmət işləri, yay mövsümü ilə əlaqədar artan tələbat və bəzi bölgələrdə müşahidə olunan təchizat problemləri yer alır.
Xüsusilə Moskva Neft Emalı Zavodu ətrafındakı təchizat şəbəkəsində yaşanan problemlərin bölgədə qiymətlərin artmasına səbəb olduğu bildirilir.
Hökumət isə daxili bazarın fasiləsiz yanacaqla təmin edilməsinin prioritet olaraq qaldığını vurğulayıb.
Baş nazirin müavini Aleksandr Novak qiymətlərin yaxından izlənəcəyini və lazım olan tədbirlərin görüləcəyini açıqlayıb.
Nigar Hacılı
"Cebheinfo.az"


