Azərbaycanda çay istehsalı niyə azalıb?

Azərbaycanda çay istehsalı niyə azalıb?

Bu ilin yanvar-may aylarında Azərbaycanda çay istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz azalaraq 4 min 425,5 tona düşüb.

Bununla yanaşı, ölkədə hazır çay məhsullarının ehtiyatı 45,8 faiz artaraq 99 tona çatıb. Eyni dövrdə qida məhsulları istehsalının ümumi dəyəri isə 10,7 faiz artaraq 2 milyard 255,8 milyon manat təşkil edib.

İqlim dəyişiklikləri və hava şəraiti çayçılıq sektoruna necə təsir göstərib? Azərbaycan çayının ixrac potensialı hazırda hansı səviyyədədir?

Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli “Cebheinfo.az”-a bildirib ki, iqlim dəyişiklikləri çayçılığa birbaşa təsir göstərən əsas amillərdən biridir:

“Hava şəraitindəki dəyişikliklər çay plantasiyalarında məhsuldarlığı azaldır. Temperaturun normadan yüksək olması, yağıntıların qeyri-bərabər paylanması və uzun quraqlıq dövrləri çay bitkisinin vegetasiya prosesini zəiflədir, məhsuldarlığı azaldır.

Eyni zamanda rütubət rejiminin dəyişməsi xəstəliklərin və zərərvericilərin artmasına şərait yaradır ki, bu da ümumi istehsal həcminin azalmasına səbəb ola bilər. Buna görə də istehsalın 5 faiz azalması məhz bu cür hava və iqlim dəyişiklikləri ilə izah oluna bilər". 

Ekspert qeyd edib ki, hazır çay ehtiyatının artması isə bazarda istehlak tempinin istehsalla uyğunlaşmaması və ya əvvəlki dövrlərdən yığılan məhsulun anbarda qalması ilə bağlı ola bilər:

"Azərbaycan çayının ixrac potensialı mövcuddur, xüsusilə də keyfiyyət və brend dəyəri baxımından regional bazarlarda müəyyən yer tuta bilir. Lakin istehsal həcminin məhdud olması və daxili bazar tələbatının böyük hissəsini özü qarşılamaq zərurəti ixracı geniş miqyasda artırmağa imkan vermir.

Əsas ixrac istiqamətləri adətən yaxın region ölkələri olur və potensial daha çox keyfiyyətli, niş məhsullar (geniş kütlələrin deyil, müəyyən bir insan qrupunun xüsusi, spesifik tələbatını və ya problemini qarşılamaq üçün hazırlanmış ixtisaslaşmış məhsuldur) üzərindən inkişaf etdirilə bilər".

Onun sözlərinə görə, çay istehsal keyfiyyəti ilə yanaşı onun reklamını dünyada təşkil etmək olduqca vacibdir:

"Biz yüksək keyfiyyətli çay istehsal edirik, amma onun dünya bazarında brendləşdirilməsinə hələ nail ola bilmirik. Azərbaycanda bir çox məhsullar təbii brenddir, amma bunu dünyaya tanıdılması problemi var. 

Çay da bu qəbildən olan brendlərdən biridir. Hazırda market vitrinlərindəki bəzəkli brendlərinin çoxundan təbii Lənkəran və Astara çaylarə dəfələrlə keyfiyyətli, dadlı və minerallarla zəngindir. Amma dünya bazarlarının demək olar ki, bundan xəbəri yoxdur".

Əfsanə Rəcəb
"Cebheinfo.az"