Bir gündə iki mühüm tarix: Azərbaycan üçün unudulmaz 15 iyun

Bir gündə iki mühüm tarix: Azərbaycan üçün unudulmaz 15 iyun

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda iki mühüm tarixi hadisə qeyd olunur. 

Belə ki, iyunun 15-i həm Milli Qurtuluş Günü, həm də Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətlərinin əsasını təşkil edən "Şuşa Bəyannaməsi"nin imzalanmasının 5-ci ildönümüdür. 

Eyni günə düşən bu əlamətdar tarixlər Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və qardaş ölkələr arasında strateji tərəfdaşlığın inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.

"Cebheinfo.az"-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə ölkədə hökm sürən xaos və anarxiyaya son qoyuldu: 

"Milli intibahımızın yeni mərhələsi başladı, Azərbaycan xalqı və dövlətçiliyi qurtuluş əldə et, böyük təhlükədən xilas oldu. Məhz buna görə də 15 İyun – Milli Qurtuluş Günü tariximizdə xüsusi əhəmiyyətə malikdir.

Eyni zamanda, 2021-ci il iyunun 15-də Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan arasında tarixi "Şuşa Bəyannaməsi" imzalandı. Bu sənəd Azərbaycan və Türkiyə arasındakı qardaşlıq və dostluq münasibətlərini strateji müttəfiqlikdən hərbi müttəfiqlik səviyyəsinə yüksəltdi".

Deputat vurğulayıb ki, "Şuşa Bəyannaməsi"nin müvafiq müddəalarına əsasən, hər iki dövlət bir-birinin təhlükəsizliyinin qarantı və təminatçısı kimi çıxış edir:

"Sənədə görə, Azərbaycan və ya Türkiyəyə qarşı hər hansı hərbi təcavüz baş verərsə, tərəflər bir-birinə bütün mümkün vasitələrlə dəstək göstərmək öhdəliyini üzərinə götürüb.

Sözün həqiqi mənasında bu gün dünyada dövlətlər arasında bir etimadsızlıq mühitinin hökm sürdüyü bir dövrdə Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı, strateji və hərbi müttəfiqliyi nümunə kimi göstərilə bilər. 

Dövlətlərarası münasibətlərin necə qurulmalı olduğu sualına cavab axtaran hər bir ölkə üçün rəsmi Bakı ilə rəsmi Ankara arasındakı münasibətlərin öyrənilməsi faydalı olar".

Elman Nəsirov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" adlandırdığı Azərbaycan-Türkiyə qardaşlığı bu gün Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan arasındakı dostluq, qardaşlıq münasibətləri sayəsində ən yüksək zirvəyə yüksəlib:

"Dövlətlərimiz, xalqlarımız dost və qardaşdır. Dövlət başçılarımız arasındakı münasibətlər bu qardaşlığın bariz nümunəsidir. Bu, unikal hadisədir. Dünya tarixində nadir rast gəlinən hallardandır.

Müasir tarix göstərir ki, bəzən eyni kökdən olan xalqlar arasına nifrət toxumu səpilir və onlar bir-birinə düşmən münasibəti bəsləyirlər. Lakin Azərbaycan-Türkiyə qardaşlığı bütün dünya üçün örnək təşkil edir".

Onun sözlərinə görə, Milli Qurtuluş Gününə həsr edilən konfransda 15 ölkənin nümayəndələri iştirak ediblər:

"Bu gün, iyunun 15-də mədəniyyət paytaxtımız Şuşa şəhərində Milli Qurtuluş Gününə həsr olunmuş, Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə beynəlxalq konfrans keçirildi. Konfransda Yeni Azərbaycan Partiyasının tərəfdaşı olan və Azərbaycanla dostluq münasibətlərinə malik 15 ölkədən nümayəndələr iştirak edirdilər.

Onlar çıxışlarda Azərbaycanın Cənubi Qafqazda oynadığı rol, regionda sülh gündəliyinin formalaşdırılması, bu istiqamətdə atılan addımlar, Vaşinqton razılaşmaları, gələcək sülh prosesi və digər məsələlər ətrafında geniş müzakirələr aparıldı. Konfrans çərçivəsində mühüm məzmunlu çıxışlar səsləndirildi".

Deputat bildirib ki, Şuşa şəhərində keçirilən tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin müraciətində ölkəmizin regional sülhə və təhlükəsizliyə verdiyi töhfələr xüsusi vurğulanıb:

"Xüsusilə qeyd etmək istərdim ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tədbir iştirakçılarına müraciəti oxundu. Həmin müraciətdə Azərbaycanın regional sülhə və təhlükəsizliyə verdiyi töhfə, bölgədə sülhün bərqərar olunması istiqamətində həyata keçirilən tədbirlər, əldə olunan nəticələr və gələcək perspektivlərlə bağlı mühüm mesajlar yer almışdı".

Əfsanə Rəcəb
"Cebheinfo.az"