Məcnun Məmmədov Sabirabadda taxıl biçinini izləyib - FOTOLAR

Məcnun Məmmədov Sabirabadda taxıl biçinini izləyib - FOTOLAR

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Sabirabad rayonunda taxıl biçini prosesində iştirak edib, məhsul yığımının gedişi ilə maraqlanıb.

"Report"un Aran bürosunun məlumatına görə, nazir əvvəlcə rayonda fəaliyyət göstərən toxumçuluq təsərrüfatının əkin sahələrinə baxış keçirib.

Məlumat verilib ki, təsərrüfatın ümumi əkin sahəsi 988 hektardır. Cari təsərrüfat ilində 404 hektar sahədə buğda, 338 hektarda arpa, 65 hektarda lobya, 55 hektarda isə günəbaxan əkilib.

Toxumçuluq istiqamətində fəaliyyət göstərən təsərrüfatda buğdanın "Arsenal", "Viktoriya", "Koralina", "Bərəkətli" və "Əsgəran", arpanın isə "Ştorm" və "Nuranə" sortları becərilir. Bildirilib ki, təsərrüfatda indiyə qədər 95 hektar arpa sahəsi biçilib. Hər hektardan orta hesabla 42 sentner məhsul əldə olunub və ümumilikdə 400 tona yaxın arpa istehsal edilib.

Nazir biçin prosesini izləyib, təsərrüfat nümayəndələri və ətraf sahələrdən olan fermerlərlə söhbət edib. Müzakirələr zamanı taxıl istehsalında məhsuldarlığın artırılması, yüksək reproduksiyalı və yerli şəraitə uyğun toxum sortlarından istifadə, aqrotexniki tədbirlərin optimal müddətlərdə yerinə yetirilməsi, müasir suvarma texnologiyalarının tətbiqi və torpaqların münbitliyinin qorunması məsələlərinə toxunulub.

M.Məmmədov məhsuldarlığın yüksəldilməsi üçün sertifikatlı toxum materiallarından istifadə genişləndirilməli, torpaq və iqlim şəraitinə uyğun sort seçiminə üstünlük verilməli, gübrələmə, suvarma və bitki mühafizəsi tədbirləri elmi əsaslarla həyata keçirilməli olduğunu vurğulayıb. Biçin zamanı məhsul itkilərinin minimuma endirilməsi, kombaynların fasiləsiz fəaliyyətinin təmin olunması və yetişmiş sahələrdə məhsul yığımının qısa müddətdə başa çatdırılması da diqqətdə saxlanılmalı olduğunu qeyd edib.

Fermerlər təsərrüfatda görülən işlər, biçin prosesinin təşkili və qarşıdakı dövrdə məhsuldarlığın artırılması ilə bağlı planları barədə məlumat veriblər. Görüşdə fermerlərin təklifləri dinlənilib, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Kənd Təsərrüfatı Nazirliyinin operativ məlumatına əsasən, iyunun 13-nə qədər respublika üzrə 105 min hektar taxıl sahəsi biçilib, 336,9 min ton məhsul istehsal olunub. Taxıl üzrə orta məhsuldarlıq 32,1 sentner/hektar təşkil edib.

Qeyd olunub ki, cari ildə taxıl üzrə məhsuldarlıq göstəricilərində müsbət dinamika müşahidə edilir. İyunun 13-dək olan operativ məlumata əsasən, respublikada buğdanın orta məhsuldarlığı ötən ilin eyni dövründəki 32,9 sentner/hektardan 39,3 sentner/hektara yüksəlib. Beləliklə, buğda üzrə məhsuldarlıq 6,4 sentner/hektar və ya 19,5 % artıb. Arpanın orta məhsuldarlığı isə 31,7 sentner/hektardan 31,9 sentner/hektara çataraq 0,2 sentner/hektar və ya 0,6 % yüksəlib.

"Cebheinfo.az"