İsrail ABŞ-İran razılaşmasına belə reaksiya verdi
“İsrail ABŞ və İran arasında əldə olunan razılaşmanın şərtlərinə riayət etməyə borclu deyil”.
“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, Ben-Qvir bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
Nazir qeyd edib ki, İsrail müstəqil və suveren dövlətdir və qərarlarını öz milli maraqlarına uyğun verir:
“ABŞ Prezidenti Donald Trampın əldə etdiyi razılaşma İsrail üçün məcburi xarakter daşımır. Bu saziş bizi heç bir şəkildə öhdəlik altına salmır. İsrail müstəqil və suveren dövlətdir, ABŞ-a tabe deyil. Prezident Trampa sonsuz minnətdarıq, lakin İsrail banan respublikası deyil”.
O bildirib ki, İsrail bu razılaşmanın tərəfi deyil və sənəd ölkənin təhlükəsizlik maraqlarını nəzərə almır.
Ben-Qvir əlavə edib ki, İsrail “Hizbullah”ın tamamilə zərərsizləşdirilməsindən başqa heç bir variantla razılaşa bilməz:
“Qoşunlarımızın nəzarətə götürdüyü və terror infrastrukturundan təmizlədiyi əraziləri tərk edə bilmərik”.
Qeyd edək ki, daha əvvəl ABŞ, İran və vasitəçi qismində çıxış edən Pakistan rəsmiləri Vaşinqtonla Tehran arasında əldə olunan razılaşmanı təsdiqləyiblər.
Sazişin iyunun 19-da Cenevrədə imzalanacağı gözlənilir.
İran xarici işlər nazirinin müavini Kazem Qəribabadinin sözlərinə görə, 60 günlük atəşkəs dövründə tərəflər Tehranın nüvə proqramı da daxil olmaqla bir sıra məsələləri müzakirə edəcəklər.
Razılaşmaya əsasən, iyunun 15-dən etibarən ABŞ İran ətrafında tətbiq olunan dəniz blokadasına son qoyacaq, həmçinin Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatlar dayandırılacaq.
Aişə Abdulova
“Cebheinfo.az”

