“Əqli gerilik və davranış pozuntularından əziyyət çəkən uşaqlara psixoloji dəstəyin göstərilməsi” layihəsinin icrası davam edir

“Əqli gerilik və davranış pozuntularından əziyyət çəkən uşaqlara psixoloji dəstəyin göstərilməsi” layihəsinin icrası davam edir

“Çıraq” Uşaq və Yeniyetmələrə Dəstək ictimai birliyi 1 may tarixindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Əqli gerilik və davranış pozuntularından əziyyət çəkən uşaqlara psixoloji dəstəyin göstərilməsi” adlı layihənin icrasına başlamışdı. Layihənin məqsədi əqli gerilik və davranış pozuntuları müşahidə olunan uşaqlara psixoloji dəstəyin göstərilməsidi.

"Cebheinfo.az" xəbər verir ki, layihəyə cəlb olunan uşaqlara “Qavrama məşqləri “adlı təlim keçirildi. Keçirilən təlim zamanı layihədə iştirak edən 15 uşaqla qavrama proseslərinin inkişaf etdirilməsinə yönəlmiş korreksiyaedici və inkişafetdirici məşğələlər təşkil olunmuşdur. Bu mərhələnin əsas məqsədi uşaqlarda vizual qavrama, eşitmə qavraması, predmet və hadisələri ayırdetmə, forma, rəng, ölçü və məkan anlayışlarının formalaşdırılması, ətraf mühitdəki informasiyanı düzgün qəbul etmə və emal etmə bacarıqlarının inkişaf etdirilməsi olmuşdur.

Təlim zamanı uşaqların yaş və inkişaf səviyyələrinə uyğun müxtəlif metodika, didaktik material və əyani vəsaitlərdən istifadə edilmişdir. Məşğələ çərçivəsində predmetlərin tanınması, rəng və formaların fərqləndirilməsi, bütöv və hissə əlaqələrinin qurulması, vizual uyğunlaşdırma, rəngləri və formaları ayırdetmə, oxşar və fərqli xüsusiyyətlərin müəyyən edilməsi, şəkillərlə işləmə və situasiyaların anlanılmasına yönəlmiş çalışmalar tətbiq edilmişdir.
 Vizual qavrama, eşitmə qavraması, fərqləndirmə bacarığı, analiz etmə, müqayisə etmə, məkan anlayışlarının formalaşması, obyektləri tanıma, hissə və bütöv əlaqəsini anlama, təlimatı qəbul etmə və yerinə yetirmə bacarıqlarının inkişaf etdirilməsinə yönəlmişdir.

Təlim müddətində bəzi uşaqlarda vizual fərqləndirmədə, predmetlərin xüsusiyyətlərini ayırmaqda və təlimatı tam anlamaqda çətinliklər müşahidə edilmişdir.

"Cebheinfo.az"