Ağdamın Baharlı qəsəbəsində şəhid ailələri və müharibə iştirakçıları ilə görüş keçirilib
“Şəhid ailələri və müharibə iştirakçıları ilə iş” layihəsi çərçivəsində Ağdamın Baharlı – 1 qəsəbəsində şəhid ailələri və müharibə iştirakçıları ilə görüş keçirilib.
"Cebheinfo.az" xəbər verir ki, “QÜRUR” Şəhid Ailələri Xeyriyyə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Şəhid ailələri və müharibə iştirakçıları ilə iş” layihəsi çərçivəsində növbəti tədbir keçirib.
12 iyun 2026-cı il tarixində Ağdam rayonunun Baharlı 1 qəsəbə tam orta məktəbində təşkil olunan tədbirdə məktəblilər, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirin əsas məqsədi şəhidlərimizin əziz xatirəsini yad etmək, onların ailələrinə mənəvi dəstək göstərmək, müharibə iştirakçılarının qəhrəmanlıq nümunələrini gənc nəslə aşılamaq və vətənpərvərlik ruhunun daha da gücləndirilməsinə töhfə vermək olub.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən layihə rəhbəri, “QÜRUR” Şəhid Ailələri Xeyriyyə İctimai Birliyinin sədri Naibə Behbudova bildirib ki, şəhid ailələri və müharibə iştirakçıları ilə davamlı görüşlərin keçirilməsi onların qayğılarının öyrənilməsi və cəmiyyətlə əlaqələrinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. O qeyd edib ki, şəhidlərimizin qəhrəmanlıq salnaməsinin gənc nəslə çatdırılması milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə ötürülməsi üçün vacibdir.
Baharlı 1 qəsəbə tam orta məktəbinin direktoru Elməddin Məmmədov çıxışında belə görüşlərin məktəblilərin vətənpərvərlik ruhunda formalaşmasına mühüm təsir göstərdiyini vurğulayıb. O bildirib ki, şəhidlərimizin həyat yolu və qəhrəmanlığı gənclər üçün ən böyük örnəkdir və onların xatirəsinin daim yaşadılması hər birimizin borcudur.
“QÜRUR” Şəhid Ailələri Xeyriyyə İctimai Birliyinin Ağdam rayon şöbəsinin sədri Qədir Məmmədov şəhid ailələri və qazilərlə aparılan işlərdən danışaraq onların sosial problemlərinin diqqətdə saxlanılmasının vacibliyini qeyd edib. O vurğulayıb ki, təşkilat tərəfindən həyata keçirilən layihələr şəhid ailələrinin və müharibə iştirakçılarının cəmiyyətə inteqrasiyasına və mənəvi dəstək almasına xidmət edir.
Birliyin Bərdə rayon şöbəsinin sədri, müharibə iştirakçısı, qazi Eyyub Abbasov çıxışında Vətən müharibəsində qazanılmış tarixi Zəfərin xalqımızın birlik və həmrəyliyinin nəticəsi olduğunu bildirib. O, gəncləri dövlətçiliyimizə sadiq olmağa, şəhidlərin müqəddəs amalını yaşatmağa çağırıb.
Təşkilatın regional dairələr üzrə sədri, qazi Bəxtiyar Hüseynli isə çıxışında müharibə iştirakçılarının keçdiyi şərəfli döyüş yolundan bəhs edib. O qeyd edib ki, şəhidlərin qəhrəmanlığı və qazilərin fədakarlığı gələcək nəsillər üçün vətənpərvərlik məktəbi kimi hər zaman yaşayacaq.
Tədbirdə şəhid atası Səfiyar Mönsümov, Musa Həmidov, müharibə iştirakçısı Rüstəm Əhmədov və digər çıxışçılar da söz alaraq şəhidlərin xatirəsinin daim uca tutulmasının vacibliyindən, Vətən müharibəsində əldə olunan Qələbənin tarixi əhəmiyyətindən və gənclərin milli ruhda tərbiyəsinin önəmindən danışıblar.
Görüş zamanı iştirakçılar arasında fikir mübadiləsi aparılıb, şəhid ailələri və müharibə iştirakçılarını narahat edən məsələlər dinlənilib. Sonda şəhidlərin əziz xatirəsi bir daha ehtiramla yad olunub və tədbirin iştirakçıları ilə xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, “Şəhid ailələri və müharibə iştirakçıları ilə iş” layihəsi çərçivəsində analoji tədbirlərin keçirilməsi davam etdirilir.
"Cebheinfo.az"

