"Zərkənd əmanətimizdir": Qərbi Azərbaycan İcmasında təqdimat keçirilib-FOTOLAR

"Zərkənd əmanətimizdir": Qərbi Azərbaycan İcmasında təqdimat keçirilib-FOTOLAR

12 iyun 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasında Göyçə mahalının Zərkənd kəndinə həsr olunmuş “Zərkənd əmanətimizdir (Göyçə mahalı Zərkənd kəndinin tarixi-etnoqrafik salnaməsi)” kitabının təqdimat mərasimi keçirilib.

“Zərkənd əmanətimizdir (Göyçə mahalı Zərkənd kəndinin tarixi-etnoqrafik salnaməsi)” kitabının müəllifləri Şahin Bayramov, Rafiq Namazov və Əli Həziquliyevdir. Əsərin elmi redaktoru tarix elmləri doktoru, professor Vaqif Şirinoğlu, redaktoru isə Miraslan Əzizxanoğludur.

"Cebheinfo.az" xəbər verir ki, nəşrdə Zərkənd kəndinin çoxəsrlik tarixi inkişaf yolu, əhalisinin demoqrafik mənzərəsi, nəsil və şəcərə sistemi, təhsil ənənələri, eləcə də kəndin sosial-mədəni həyatı geniş şəkildə əhatə olunub.

Bununla yanaşı, kitabda Zərkəndin tanınmış ziyalıları, aşıq sənəti və folklor mühiti, dil xüsusiyyətləri, adət-ənənələri barədə ətraflı məlumat verilir. Eyni zamanda, İkinci Dünya müharibəsi və Qarabağ savaşlarında iştirak etmiş kənd sakinlərinin həyat yolu, qəhrəmanlığı və fədakarlığı da xüsusi bölmələrdə işıqlandırılıb. Nəşrin əsas məqsədinin tarixi yaddaşın qorunması və gələcək nəsillərə çatdırılması olduğu qeyd edilib.

Kitabın təqdimatında Qərbi Azərbaycan İcmasının rəhbərliyi, icma üzvləri, elm və ictimaiyyət nümayəndələri, eləcə də Zərkəndin təmsilçiləri iştirak ediblər.

Çıxışlarda kitabın elmi və tarixi baxımdan xüsusi əhəmiyyət daşıdığı vurğulanıb, onun Zərkəndin yaddaşının və milli irsinin qorunması baxımından mühüm mənbə olduğu qeyd edilib.

Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli son illərdə Qərbi Azərbaycan həqiqətlərinin araşdırılması, tarixi yurd yerlərimizin öyrənilməsi və bu istiqamətdə elmi nəşrlərin hazırlanması sahəsində mühüm işlərin görüldüyünü bildirib. O qeyd edib ki, tarixi yaddaşın qorunması, qədim yaşayış məntəqələrimizin keçmişinin araşdırılması və gələcək nəsillərə çatdırılması bu gün xüsusi əhəmiyyət kəsb edir.

Əziz Ələkbərli vurğulayıb ki, Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən sonra Qərbi Azərbaycana qayıdış ideyası yeni mərhələyə qədəm qoyub və bu məsələ dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Onun sözlərinə görə, doğma yurd yerləri ilə bağlı tarixi faktların, toponimlərin, ailə yaddaşının və kəndlərin keçmişinin sistemli şəkildə toplanaraq nəşr olunması qayıdış konsepsiyasının elmi əsaslarının formalaşdırılmasına xidmət edir.

İdarə Heyətinin sədri kənd tarixlərinin yazılmasının son dərəcə mürəkkəb və məsuliyyətli proses olduğunu, bunun uzunmüddətli araşdırmalar, arxiv sənədlərinin öyrənilməsi, şahid ifadələrinin toplanması və zəngin mənbə bazası tələb etdiyini diqqətə çatdırıb. O, “Zərkənd əmanətimizdir” kitabının müəlliflərinin böyük zəhmət və fədakarlıq nümayiş etdirdiyini qeyd edərək, nəşrin təkcə Zərkənd kəndinin deyil, ümumilikdə Qərbi Azərbaycanın tarixi-mədəni irsinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Çıxış zamanı qeyd olunub ki, belə nəşrlər tarixi yaddaşın qorunmasına, gənc nəslin öz köklərini daha yaxından tanımasına və Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına töhfə verir. 

Əziz Ələkbərli kitabın gələcək tədqiqatçılar üçün dəyərli mənbələrdən biri olacağına əminliyini ifadə edərək, bu istiqamətdə aparılan işlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Daha sonra çıxış edən Azərbaycan İqtisad Universitetinin dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru, Zərkənd  sakini Pərviz Səmədov nəşrin  tarixi yaddaşının yaşadılması, doğma yurdla bağlı xatirələrin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm rol oynadığını bildirib. O qeyd edib ki, belə əsərlər təkcə bir kəndin deyil, bütövlükdə Qərbi Azərbaycanın tarixi-mədəni irsinin öyrənilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır.

Nəşrin tədbirdə çıxış edən  elmi redaktoru, tarix elmləri doktoru, professor Vaqif Şirinoğlu isə kitabın elmi dəyərindən bəhs edib. O, əsərdə Zərkəndin tarixi keçmişinin, demoqrafik inkişaf mərhələlərinin və şəcərə sisteminin əhatəli şəkildə araşdırıldığını diqqətə çatdırıb.

Professor vurğulayıb ki, kitabda toplanmış faktlar, sənədlər və xatirələr kəndin tarixinin sistemli şəkildə öyrənilməsinə imkan yaradır və gələcək tədqiqatlar üçün etibarlı mənbə rolunu oynayır.

Ardınca Zərkəndə həsr olunmuş videoçarx nümayiş etdirilib. Videoçarxda kəndin tarixi keçmişi, eləcə də kitabın ərsəyə gəlməsinə səbəb olan amillər əks olunub. Bildirilib ki, nəşrin hazırlanmasında əsas məqsəd Zərkəndin zəngin tarixini, kənd sakinlərinin xatirələrini və şəcərə məlumatlarını sistemləşdirərək gələcək nəsillərə çatdırmaq, doğma yurdun tarixi yaddaşını qorumaqdır. Videoçarx iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, jurnalist-tədqiqatçı, kimya üzrə fəlsəfə doktoru Nazir Əhmədli, sabiq millət vəkili Arzu Səmədbəyli, Ədalət, Hüquq, Demokratiya Partiyasının sədr müavini Niyaməddin Orduxanlı, "Cümhuriyət" qəzeti və "Cebhe.info" Xəbər Portalının əhbəri Rəfail Becanov, eləcə də kənd sakinləri Qurban İsmayılov və Namiq Nəbiyev nəşrin əhəmiyyətindən danışıblar. 

Çıxış edənlər vurğulayıblar ki, kitab Zərkəndin tarixi keçmişinin, sosial-mədəni həyatının və sakinlərinin yaddaşında yaşayan xatirələrin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd olunub ki, belə nəşrlər Qərbi Azərbaycanın tarixi-mədəni irsinin qorunmasına, yurd yerləri ilə bağlı məlumatların sistemləşdirilməsinə və tarixi həqiqətlərin yaşadılmasına mühüm töhfə verir. Çıxışlarda kitabın həm elmi, həm də mənəvi baxımdan dəyərli mənbə olduğu xüsusi qeyd edilib.

Bildirilib ki, Zərkənd haqqında məlumatlı olan insanlar üçün də kitabda yeni və maraqlı məqamlar yer alır. Kitabda kəndlə bağlı dialekt və ləhcə nümunələri əks olunub ki, bu da nəşri daha oxunaqlı və dəyərli edir.

Bu kitabın böyük zəhmət və geniş araşdırmalar nəticəsində ərsəyə gəldiyi və müəlliflərin uzunmüddətli çalışmalrının kitabın elmi və tarixi dəyərini daha da artırdığı qeyd olunub. Kitabın üç il ərzində hazırlanması müəlliflərin mövzuya nə qədər ciddi yanaşdığını göstəricisidir. Bu cür nəşrlərin Qərbi Azərbaycan irsinin araşdırılması və qorunması baxımından xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. 

Çıxışlarda xüsusi qeyd olunub ki, Qərbi Azərbaycan İcması fəaliyyətə başladığı gündən qarşıya qoyduğu məqsədləri ardıcıl şəkildə həyata keçirir. “Zərkənd əmanətimizdir” kitabının təqdimatı da bu istiqamətdə görülən işlərin mühüm tərkib hissəsidir.

Qeyd olunub ki, “Zərkənd əmanətimizdir” kitabı təkcə bir kəndin salnaməsi kimi deyil, eyni zamanda bütövlükdə Qərbi Azərbaycanın tarixi-mədəni irsinin sistemli şəkildə öyrənilməsi baxımından mühüm elmi mənbə kimi qiymətləndirilir. Bu nəşr Zərkəndin çoxəsrlik tarixini, sosial-demoqrafik mənzərəsini və intellektual potensialını əhatə edən fundamental ensiklopedik tədqiqat əsəridir.
Qeyd edilib ki, kitabda 1831, 1842, 1873 və 1886-cı illərə aid kameral təsvirlər üzrə arxiv materialları müasir şəcərə (genealoji) araşdırmaları ilə müqayisəli şəkildə təhlil olunaraq sintez edilib.

Bu yanaşma kənddə yaşamış tayfaların tarixi köklərinin daha dəqiq müəyyənləşdirilməsinə, onların nəsil şəcərələrinin sistemləşdirilməsinə imkan yaradıb. Eyni zamanda, Zərkənddə formalaşmış ailə strukturları, məskunlaşma dinamikası və demoqrafik dəyişikliklər elmi əsaslarla təqdim olunub.

Diqqətə çatdırılıb ki, əsərdə Zərkənd məktəbinin tarixi inkişaf yolu, kəndin yetirdiyi görkəmli alimlər, həkimlər, hüquqşünaslar, dövlət xadimləri və hərbçilər haqqında geniş və sistemləşdirilmiş məlumatlar yer alır. Bununla yanaşı, kəndin təsərrüfat həyatı, ənənəvi məişət mədəniyyəti, aşıq sənəti və yerli şivənin dilçilik xüsusiyyətləri də araşdırılaraq oxuculara təqdim olunub.

Kitabda, həmçinin İkinci Dünya müharibəsi və Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş Zərkənd sakinlərinin həyatı, qəhrəmanlıq yolu və şəhidlərimizin xatirəsinə dair zəngin sənədli materiallar toplanıb. Bu hissə nəşrin həm elmi, həm də mənəvi dəyərini daha da artıran mühüm bölmələrdən biri kimi qiymətləndirilib.

Tədbirin sonunda kitabın həmmüəllifi Şahin Bayramov nəşrin hazırlanma prosesi, uzunmüddətli arxiv araşdırmaları və toplanmış materialların sistemləşdirilməsi barədə ətraflı məlumat verib. O, kitabın ərsəyə gəlməsində dəstək göstərən bütün qurumlara və şəxslərə, xüsusilə icma rəhbərliyinə və İcma Aparatının kollektivinə təşəkkürünü bildirib, prosesə töhfə verən hər kəsə minnətdarlığını ifadə edib.

Tədbirin sonunda iştirakçılar xatirə fotoşəkli çəkdiriblər. 

Gülər 
"Cebheinfo.az"