Kölgədə aparılan müharibə: Azərbaycana qarşı kimlər hibrid hücum təşkil edir?
Qərb mediasında Azərbaycana qarşı növbəti dəfə dezinformasiya kampaniyası başlayıb.
Dezinformativ məlumatlar yayan Qərb media qurumlardan biri də CNN-dir.
Belə ki, CNN-də ABŞ, İsrail və İran müharibəsi ilə bağlı yayımlanan məlumatda bildirilir ki, son 40 günlük müharibədə guya İsrail xüsusi təyinatlıları və kəşfiyyatçıları Azərbaycanda olub və ölkəmizin ərazisindən istifadə edərək İranın ərazisində müəyyən əməliyyatlar həyata keçiriblər.
CNN-nin xəbərinə Azərbaycanla bağlı əks olunan iddialar tamamilə absurd, heç bir fakta söykənməyən və təhrif olunmuş məlumtlardır.
CNN öz iddiasını sübut etmək üçün heç bir dəlil irəli sürməyib, əksinə reallıqdan uzaq və boş söz yığınından ibarət fikirlər səsləndirib.
Azərbaycanın dövlət rəhbərliyi dəfələrlə bəyan edib ki, Azərbaycan heç bir zaman üçüncü dövlətlərə öz ərazisindən qonşu dövlətlərə qarşı istifadə etməyə imkan verməyəcək və Azərbaycanın qonşu ölkələr, xüsusilə İranla dost, mehriban və qardaşlıq münasibətləri var. Bunu İran da, Rusiya da çox yaxşı bilir.
Maraqlısı budur ki, CNN-də Azərbaycana qarşı yayımlanan bu cür dezinformativ məlumatların arxasında kimlər dayanır və bu, əsasən nəyə hədəflənib?
Məsələ ilə bağlı politoloq Əlimusa İbrahimov “Cebheinfo.az”-a şərhində qeyd edib ki, CNN-nin dezinformativ məlumatı hibrid müharibənin tərkib hissəsidir.

“CNN-in son günlərdə dərc etdiyi və İranla müharibə zamanı İsrail xüsusi təyinatlılarının, kəşfiyyatçılarının və MOSSAD əməkdaşlarının Azərbaycanda yerləşdirildiyini iddia edən məlumatı geniş rezonans doğurub.
Məlumata görə, onlarla İsrail əsgəri cənubi Azərbaycanda, İran sərhədinin yaxınlığında İrana qarşı fəaliyyət göstərib, kəşfiyyat məlumatları toplayıb, pilotsuz uçuş aparatları (PUA) ilə əməliyyatlar həyata keçirib və hətta vurulmuş pilotların xilas edilməsi üçün hazırlıq aparıb.
Bakı bu iddiaları rəsmən təkzib edir. Bu məqalə müharibə dövrünə xas olan sızıntılar nümunəsinə uyğun gəlir və region dövlətlərinin siyasətinə təsir etmək məqsədi daşıyır. Bununla belə, bu iddiaların diqqətli təhlili ciddi uyğunsuzluqlarla doludur”.
Politoloq qeyd edib ki, bu elementlər, çox güman ki, jurnalist şişirtməsi və ya qəsdən edilmiş təxribatdır.
O bildirib ki, CNN-nin iddiaları həqiqətdən çox uzaq məlumatlar kimi dəyərləndirilməlidir:
“Orada irəli sürülən tezislərin heç birini sübut etmək mümkün deyil. Bu bəyanatlar hibrid müharibənin xüsusiyyətlərinə tam uyğun gəlir. Amma bu müharibə kimə qarşı yönəlib?
ABŞ, İsrail və Azərbaycanın hədəfdə olması şübhəsizdir. Düşünürəm ki, ortada İran Azərbaycan münasibətlərini daha da gərginləşdirmək cəhdləri göz önündədir. Bu iki qonşu ölkədə dostluq münasibətlərinin düşmənçiliklə əvəz edilməsindən daha çox kim faydalana bilər? Bu sual açıq qalır”.
Yunis Abdullayev
“Cebheinfo.az”


