İsrail dalana dirənib: Netanyahu bununla hakimiyyətini saxlamağa çalışır?
Son zamanlar İsrail ictimaiyyətində Netanyahu hakimiyyətinə qarşı narazılıq ciddi şəkildə artıb.
2023-ci ildən başlayaraq üç-dörd ildə Yaxın Şərqdə baş verən proseslər, xüsusilə də HƏMAS və “Hizbullah”la aparılan müharibələr, o cümlədən İran qarşı son hücum əməliyyatlarında rəsmi Təl-Əvivin tam istəyinə uyğun nəticələrin əldə edilməməsi həm müxalif düşərgədə, həm də hakimiyyətin özündə Benyamin Netanyahuya qarşı etiraz dalğasını daha da gücləndirib.
Hər iki tərəfdə Qəzza və Livanda hərbi əməliyyatların dayandırılması və atəşkəsin təmin olunması Netanyahu hakimiyyətinin məğlubiyyəti kimi dəyərləndirilir.
Artıq Netanyahunun istefaya gedəcəyi və hakimiyyətdən kənarlaşdırılacağı ilə bağlı iddialar səsləndirilir.
Məsələ ilə bağlı Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Netanyahu hökuməti Yaxın Şərq siyasətində hədəflərinə tam nail ola bilməyib.

O bildirib ki, hazırda sağ və ultra-sağ qüvvələr Netanyahudan narazıdır:
“İsrailin Baş naziri Benyamin Netanyahunun Fələstin, Livan və ümumilikdə Yaxın Şərq siyasətinin tam fiaskoya uğradığını söyləmək hələ tezdir.
Lakin son illərdə baş verən hadisələr göstərir ki, onun hökumətinin qarşıya qoyduğu əsas strateji məqsədlərin əhəmiyyətli hissəsi tam şəkildə reallaşmayıb.
Xüsusilə HƏMAS-ın tam məhv edilməsi, bütün girovların geri qaytarılması, “Hizbullah”ın hərbi potensialının aradan qaldırılması və İranın regional təsir imkanlarının ciddi şəkildə zəiflədilməsi kimi hədəflər hələ də tam nəticə verməyib.
Bununla yanaşı, İsrail ordusunun həm Qəzzada, həm də Livanda həyata keçirdiyi əməliyyatlar nəticəsində HƏMAS və “Hizbullah” ciddi itkilərə məruz qalıb, onların hərbi və təşkilati imkanları əvvəlki dövrlərlə müqayisədə xeyli zəifləyib.
Lakin bu təşkilatların fəaliyyətini davam etdirməsi İsrail daxilində "hərbi uğurların strateji qələbəyə çevrilə bilmədiyi" barədə müzakirələri gücləndirib”.
Onun sözlərinə görə, Netanyahuya qarşı narazılıq təkcə müxalifət düşərgəsində deyil, onun ənənəvi siyasi dayağı hesab olunan sağ və ultra-sağ çevrələrdə də artır:
“Radikal sağ qüvvələr hesab edir ki, hökumət HƏMAS və “Hizbullah”a qarşı daha sərt və qətiyyətli addımlar atmalı idi. Digər tərəfdən, mərkəzçi və sol dairələr uzunmüddətli müharibələrin İsrailin təhlükəsizliyini təmin etmədiyini, əksinə ölkənin beynəlxalq təcridini dərinləşdirdiyini vurğulayırlar.
İran amili də Netanyahu üçün mühüm siyasi sınaq olaraq qalır. Tehran rəhbərliyinin və regiondakı müttəfiq şəbəkəsinin hələ də fəaliyyət göstərməsi İsrail cəmiyyətində "strateji məqsədlərə nə dərəcədə nail olunub?" sualını gündəmdə saxlayır. Məhz buna görə də son dövrdə hökumətin fəaliyyətinə dair tənqidlər daha da güclənib”.
Netanyahunun siyasi karyerasının sonuna yaxınlaşması ilə bağlı iddialara gəlincə, V.Zifəroğlu vurğulayıb ki, bu barədə qəti şəkildə fikir söyləmək mümkün deyil:
“O, İsrail siyasətində dəfələrlə ağır böhranlardan çıxmağı bacaran lider kimi tanınır. Ancaq mövcud vəziyyət göstərir ki, müharibələrin uzanması, təhlükəsizlik problemlərinin tam həll olunmaması və cəmiyyətdə artan narazılıq onun siyasi mövqelərini əvvəlki illərlə müqayisədə xeyli zəiflədib”.
Yunis Abdullayev
“Cebheinfo.az”


