ABŞ-dən Ebola ilə bağlı XƏBƏRDARLIQ

ABŞ-dən Ebola ilə bağlı XƏBƏRDARLIQ

ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) Mərkəzi Afrikada sürətlə yayılan Ebola epidemiyasının lazımi tədbirlər görülmədiyi təqdirdə 11 mindən çox insanın həyatına son qoyan tarixi fəlakət səviyyəsinə çata biləcəyi barədə xəbərdarlıq edib.

"Cebheinfo.az" xəbər verir ki, Mərkəzi Afrikada genişlənən Ebola epidemiyası qlobal səhiyyə təhlükəsizliyi üçün ciddi təhdid yaradan həddə çatıb.

CDC tərəfindən yayımlanan kompüter modelləşdirməsi əsasında hazırlanmış analizlər göstərir ki, yaxın gələcəkdə yoluxma hallarının sayı 10 min–20 min nəfər həddini aşa bilər.

Mütəxəssislər bildirirlər ki, mövcud vəziyyət 2014–2016-cı illərdə Qərbi Afrikanı sarsıdan, 28 mindən çox yoluxma və 11 mindən artıq ölümə səbəb olan ən ölümcül Ebola epidemiyasının inkişaf ssenarisi ilə oxşarlıq təşkil edir.

CDC rəsmiləri vurğulayıblar ki, güclü və qətiyyətli ictimai səhiyyə tədbirləri həyata keçirilməzsə, bu qorxulu ssenarinin reallaşması qaçılmaz ola bilər.

Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri indiyədək bölgədə təxminən 400 təsdiqlənmiş yoluxma halı və 63 ölüm qeydə alındığını açıqlayıb.

Bununla belə, mütəxəssislər rəsmi statistikaya düşməyən və diaqnoz qoyulmayan çoxsaylı gizli yoluxma hallarının da mövcud olduğunu bildirirlər.

Bədən mayeləri vasitəsilə yayılan bu ölümcül virusun hazırkı dalğasına “Bundibugyo Ebola virusu” adlanan xüsusi virus növünün səbəb olduğu qeyd edilir.

Bu növü daha təhlükəli edən əsas amil isə onun üçün hazırda təsdiqlənmiş spesifik müalicə üsulunun və ya peyvəndin olmamasıdır.

Ümumdünya Səhiyyə Təşkilatı da vəziyyətin ciddiliyini nəzərə alaraq ötən may ayında qlobal səhiyyə fövqəladə vəziyyəti elan edib.

Nigar Hacılı 
"Cebheinfo.az"