Tanınmış professor vəfat etdi - FOTO
Professor Vəli Sultan Murad oğlu Hacı-Qasımov vəfat edib.
"Cebheinfo.az" xəbər verir ki, kimyəvi kinetika və kataliz sahəsi üzrə tanınmış alim, kimya elmləri doktoru, 89 yaşında dünyasını dəyişib.
Vəli Sultan Murad oğlu Hacı-Qasımov 2 mart 1937-ci il tarixində Bakı şəhərində anadan olub. 1954-cü ildə 6 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakultəsinə daxil olub, sonra isə kimya fakultəsinə keçərək 1960-cı ildə “kimyaçı” ixtisası ilə universiteti bitirib. V.S.Hacı-Qasımov hələ tələbə ikən AEA-nın Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutuna (NKPİ) kiçik elmi işçi vəzifəsinə işə qəbul olunub və bununla da öz elmi taleyini həmişəlik bu institutla bağlayıb.
1985-ci ildə “Doymuş karbohidrogenlərin oksid katalizatorları üzərində dehidrogenləşməsi” mövzusunda namizədlik dissertasiyasının müdafiəsindən iki il sonra V.S.Hacı-Qasımova “Kimyəvi kinetika və kataliz” ixtisası üzrə professor elmi adı verilib.
Onun rəhbərliyi altında 10 elmlər namizədi müdafiə edib.
Elmi fəaliyyətini şahmatla vəhdətdə saxlamağı bacaran Hacı-Qasımov həmçinin şahmat üzrə idman ustası olub. Uzun illər respublika yığmasının tərkibində çıxış edib, həmçinin respublika və dünya səviyyəli yarışlarda Azərbaycanı təmsil edən gənc şahmatçıların yetişməsində böyük töhfələri olub.
V.S.Hacı-Qasımov 2017-ci ilədək NKPİ-nun 10 saylı laboratoriyasında baş elmi işçi vəzifəsində çalışıb.
Allah rəhmət eləsin!
"Cebheinfo.az"


