Siqaret bahalaşacaq: “Qaçaqmalçılıq arta bilər”

Siqaret bahalaşacaq: “Qaçaqmalçılıq arta bilər”

Azərbaycanda siqaret bazarında növbəti qiymət artımı gözlənilir.

Yerli mətbuatda yer alan xəbərlərə görə, yaxın günlərdə siqaretlərin pərakəndə satış qiymətlərində 20-30 qəpik civarında artım baş verə bilər.

Bu haqda məlumat verən etibarlı mənbənin sözlərinə görə, gözlənilən bahalaşma ilə əlaqədar olaraq bəzi məhəllə mağazaları, marketlər və köşklər siqaret məhsullarının yeni partiyalarını qəbul etməyə tələsmir.

Nəticədə bir sıra satış məntəqələrində müəyyən markalar üzrə çatışmazlıq müşahidə olunur.

Respublikaçı Alternativ (REAL) Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, Azərbaycanda siqaretin qiymətinin artması vergi və aksiz dərəcələrilə bağlıdır: 

“Bu sosial və həssas məsələ olmadığına görə hökumət rahat bir şəkildə vergiləri artırır və bu dünyanın hər yerində belədir. Çox güman ki, növbəti vergi və aksiz artımları siqaret qiymətlərinə də yansıyacaq və qiymətlərdə artım müşahidə olunacaq. 

Bunun da sosial tərəfi ondan ibarətdir ki, siqaretin qiyməti artıqca ondan imtina edən vətəndaşların sayı artacaq”.

İqtisadçı qeyd edib ki, bu məsələdə "qızıl ortanı" tutmaq lazımdır:

“Çünki Azərbaycanda siqaret həddindən artıq bahalaşarsa, yəni qonşu ölkələrlə qiymət fərqi çox olarsa, o zaman ölkəmizə qaçaqmalçılıq yolu ilə siqaret gətirmək istəyənlərin də sayı kəskin şəkildə arta bilər”.

Aişə Abdulova
“Cebheinfo.az”